Bakıda arvadını boğazını kəsərək qətlə yetirməkdə təqsirləndirilən Əlixan Zeynalovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Faiq Qəniyevin icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, ötən il mayın 22-də Biləcəri qəsəbəsində yerləşən fərdi evdə 1952-ci il təvəllüdlü Əlixan Zeynalov həyat yoldaşı, 1956-cı il təvəllüdlü Xanım Zeynalovanın boğazını kəsib, sonra polisə gedərək, törətdiyi əməli etiraf edib.
Məlum olub ki, o, ümumilikdə qadına dörd bıçaq zərbəsi vurub.
İlkin dindirmə zamanı tutulan şəxs qətli qısqanclıq zəminində törətdiyini bildirib.
İstintaq orqanı tərəfindən Əlixan Zeynalovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.