Oktyabrın 26-da Cəlilabad rayonunun Buravar kəndində canavar bir ailənin 4 üzvünü parçalaması ilə bağlı təhqiqat araşdırma aparılır.
Bu barədə Teleqraf.com-a Cəlilabad rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, Buravar kəndində canavar Şahvarovlar ailəsinin evinə girib. Canavar 1995-ci il təvəllüd Şahmarova Əfsanə Yusif qızı, 2003-cü il təvəllüdlü Şahmarova Aygül Yusif qızı, 1994-cü il təvəllüdlü Şahmarova Nurçiçək Yusif qızı və 1998-ci il təvəllüdlü Şahmarov Vüsal Yusif oğluna xəsarət yetirib. Yaralılar xəstəxanada müayinə olunublar.
Polisdən həmçinin bildiriblər ki, övladlarının canavarın hücumuna məruz qalmasının qarşısını ailənin başçısı Yusif Şahmarov alıb. Bildirilib ki, Yusif Şahmarov canavarı öldürüb: “Hadisə ilə bağlı polis şöbəsinin təhqiqatçıları Buravar kəndində olub. Polis şöbəsinin təhqiqat bölməsində araşdırma aparılır”.
Azərbaycanda canavarın öldürülməsinin qanunla qadağan olunması və canavarı öldürən şəxsə qarşı inzibati cəza ilə bağlı suallarımızı polis şöbəsindən belə cavablandırıblar: “Bu hadisə ilə bağlı araşdırmaların sonunda məsələyə qiymət veriləcək. Çox güman ki, canavarın öldürülməsi ilə bağlı hər hansı bir məsuliyyət nəzərdə tutulmayacaq. Çünki canavar şəxsin evinə hücum edib və bir ailənin 4 üzvünə xəsarət yetirib. Belə olan halda canavarı öldürən şəxs özünü və ailəsini müdafiə edib. Canavar həmin evə hücum edib, onun başını sığal çəkilməyəcəkdi? Ailə başçısı məcbur qalaraq canavarı öldürüb”.
Cəlilabad rayon Mərkəzi Xəstəxanasından isə bildiriblər ki, canavarın hücum etməsi nəticəsində xəsarət alanların vəziyyəti normaldır. Hazırda onlar xəstəxanada müalicə olunurlar.
Qeyd edək ki, oktyabrın 26-da, saat 19 radələrində canavar Yusif Şahmarovun evinə soxulub. Hadisə nəticəsində ailənin 4 üzvü xəsarət alıb.
Hacı Zeynalov