8 Mart 2021 11:56
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda nənəsini və bibisini qətlə yetirilməkdə ittiham olunan 1985-ci il təvəllüdlü Samir Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı martın 9-na təyin olunub.

Sabaha təyin olunan prosesin əvvəlində prokuror ittihamçı qismində çıxış edəcək, daha sonra isə təqsirləndirilən şəxsin ifadə verəcəyi gözlənilir.

İttihama görə, Samir Mustafayev ötən il, sentyabrın 24-də, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində nənəsi, 1932-ci il təvəllüdlü Simuzər Cavadova və bibisi, 1959-cu il təvəllüdlü Tamilla Cavadovaya bıçaq xəsarətləri yetirib.

Ana və qızın yaşadıqları evdə üzərlərində çoxsaylı bıçaq xəsarətləri olan meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna həmin gün məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər prosessual hərəkətlər yerinə yetirilib.

İlkin istintaqla Samir Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı çoxsaylı bıçaq zərbələri vuraraq nənəsi Simuzər Cavadova və bibisi Tamilla Cavadovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Samir Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq orqanı tərəfindən Samir Mustafayevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər