27 Oktyabr 2014 16:19
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Hacıbaba Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Hacıbaba Hacıyev 24 fevral 2014-cü il tarixdə Bakı şəhəri 18 saylı Peşə məktəbində təhsil alan bacısı Reyhan Hacıyevanı evə aparmaq üçün “Azadlıq” metrostansiyasının qarşısına gələrkən onun tanımadığı, sonradan adını bildiyi Pərviz Abdullayevlə əl-ələ tutduğunu görüb.

Pərvizdən bacısını haradan tanıdığını soruşduqda o, Reyhanla bir qrupda oxuduğunu, evlənmək istədiyini və fikrinin ciddi olduğunu açıqlayıb. Amma Hacıbaba Hacıyev Pərvizin dediklərinə inanmayıb. Çünki bacısının ərindən boşanması və yaşca Pərvizdən böyük olması, bu münasibətin qeyri-səmimi olması ilə bağlı onda şübhə yaradıb. Odur ki, Pərvizin telefon nömrəsini alaraq iki saatdan sonra ailə üzvlərindən biri ilə görüşə gəlməsini tələb edib.

Təxminən saat 17:00 radələrində Pərvizə zəng vurub harada görüşə biləcəkləri ilə maraqlandıqda Pərviz ona böyüklərindən heç kimlə gələ bilməyəcəyini deyib. Bir daha bacısına qarşı ciddi niyyətdə olmadığını yəqin edən Hacıbaba Hacıyev onu öldürmək qərarına gəlib. Bu məqsədlə yaşadığı evdən bıçaq götürərək Nəsimi rayonu, Cavadxan küçəsi, 38 saylı binanın qarşısına gəlib. Pərvizin görüşə valideynsiz gəldiyini görərək bıçaqla ona zərbələr endirib. Yaralı xəstəxanaya çatdırılarkən yolda keçinib.

Hacıbaba Hacıyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Hacıbaba Hacıyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər