Bakının Xəzər rayonunda 4 nəfərin öldüyü qəzanın baş verməsində təqsirli bilinən Vüqar Dadaşovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Əhməd Quliyevin icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, hadisə paytaxtın Xəzər rayonu, Qala qəsəbəsində qeydə alınıb. "VAZ-2105" markalı və BMW markalı avtomobillər toqquşub.
Nəticədə “VAZ-2105”in sürücüsü, 1967-ci il təvəllüdlü Hidayət Hümbətov, sürücünün qardaşı, 1958-ci il təvəllüdlü Ağasəf Hümbətov, sürücünün qızı, 1989-cu il təvəllüdlü Rəvanə Hümbətova və onun oğlu 2011-ci il təvəllüdlü Rəvan Hümbətov aldıqları xəsarətdən hadisə yerində ölüblər.
Həmin avtomobildə olan digər sərnişinlər - 1971-ci il təvəllüdlü Reyhan Sədullayeva və 2014-cü il təvəllüdlü Əli Hümbətov müxtəlif bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.
Həmçinin BMW-nin sürücüsü Vüqar Dadaşov da xəsarət alıb.
İstintaq araşdırması zamanı hadisənin baş verməsində Vüqar Dadaşov təqsirli bilinib.
İstintaq orqanı tərəfindən Vüqar Dadaşovun barəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.