Bakının Qaradağ rayonunda 1981-ci il təvəllüdlü Səbuhi Kərimov qardaşı arvadı Laləzər Kərimlini öldürüb.
Teleqraf.com-un xəbərinə görə, hadisə ötən il martın 26-da rayonun Qobustan qəsəbəsində baş verib.
Səbuhi Kərimov qardaşı Həbibin arvadı Laləzərin qonşuluqda yaşayan Əli adlı şəxslə sevgi münasibətində olduğunu eşidib. Qardaşına xəyanət etdiyi üçün qisas almaq niyyəti ilə onu öldürmək qərarına gəlib.
Bu məqsədlə hadisə baş verən günü axşam saat 20 radələrində qardaşı oğlu ilə birlikdə Laləzərin bacısı Mehribanla yaşadığı ünvana gəlib. Mehriban və Laləzərlə söhbət edib.
Söhbət zamanı Laləzərə ərinə xəyanət etdiyini bildirib. Daha sonra qonşuluqda yaşayan Əli ilə görüşüb.
Səbuhi qardaşının və Laləzərin bacısının otaqdan çıxmasını istəyib. Onlar çıxandan sonra Laləzərin boyun nahiyəsindən tutub və bıçaqla ona çoxsaylı zərbələr vuraraq qətlə yetirib.
İstintaq orqanı tərəfindən Səbuhi Kərimovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səbuhi Kərimov özünü ittiham üzrə qismən təqsirli bilib. O, qeyd edib ki, qardaşının həyat yoldaşı Laləzər hadisədən 5-6 ay əvvəl şəhərə köçüb: “Əvvəllər Qobustanda yaşayırdı. Hadisədən bir neçə gün qabaq Laləzərin xəyanət etməsi barədə qardaşım Həbib özü mənə danışdı, Laləzərdən boşanmaq istədiyini bildirdi.
Həbib Laləzərin qardaşı Natiqlə birlikdə onun telefon nömrəsindən telefon danışıqlarını çıxartdığını və Laləzərə tanımadığı nömrədən zənglər gəldiyini, həmin nömrəyə Laləzərin də zəng etdiyini dedi. Eşitdiklərimə inanmadım. Çünki Laləzərdən belə hərəkət gözləmirdim. Laləzər evdən çölə çıxmırdı, həm də xəyanət edəcək xarakterdə deyildi. Onu əvvəllər heç bir yad adamla görməmişdim.
Qardaşım xəyanəti öyrəndikdən sonra uşaqları Laləzərdən aldı və onu evdən qovdu. Laləzər də qardaşımın dediyinə görə, əvvəl atası evinə getdi, qardaşı Natiq onu evdən qovdu. O da bacısı Mehribanın evinə getdi. Xəyanət barədə eşidəndən sonra təxmini 2-3 gün keçdi. Həbibin oğlu Kərim anasının məni görmək istədiyini bildirdi. Laləzərin onunla nə danışmaq istədiyini öyrənmək üçün görüşmək qərarına gəldim. Qardaşıma Laləzəri gedib görəcəyim barədə heç nə demədim. Onu öldürmək məqsədim yox idi. Çağırdığı üçün onu görməyə getdim”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, martın 26-da, saat 20 radələrində qardaşı oğlu Kərimlə birlikdə icarəyə götürdüyü “Mitsubishi” markalı maşınla Laləzərin bacısı Mehribanın Qobustan qəsəbəsindəki evinə gedib: “Əvvəl Laləzəri atası evində tapacağımı düşündüm. Bu səbəbdən onun atası Dilavərin evinə getdim. Ancaq qardaşı Natiq onu evdən qovduğu üçün bacısıgildə olduğunu öyrəndim.
Laləzərin qardaşıma xəyanət etməsi barədə atası Dilavərə məlumat vermək istəyirdim. Ancaq Dilavər kişi yaşlı olduğu üçün ona nəsə olmasından qorxdular, bu məsələni açmağıma imkan vermədilər. Bu səbəbdən Mehribanın evinə yollandım. Kərimlə birlikdə evin həyətinə daxil olduq. Həyətin sol tərəfində yerləşən mətbəxə tərəf yaxınlaşdım və mətbəxə girərək Laləzərlə qarşı-qarşıya oturdum. Mətbəxdə Laləzər, bacısı Mehriban və Kərim var idi.
Laləzərdən məsələnin həqiqət olub-olmamağını soruşdum. Laləzər şeytan onu yoldan çıxartdığın və səhv elədiyini bildirdi. Həmin vaxt dediklərini bacısı da eşidirdi”.
Səbuhi Kərimov qeyd edib ki, daha sonra Laləzərlə təklikdə danışmaq üçün Mehribandan onları tək qoymasını xahiş edib: “Mehriban otaqdan çıxdı, Laləzərlə söhbət etməyə başladıq. Laləzərə niyə belə olduğunu soruşdum. Laləzər Əli adlı şəxslə evdə görüşdüyünü dedi. Laləzərin dediyi sözlərdən sonra şok vəziyyətinə düşdüm. Özümü itirdim, həmin səhnə gözümün önünə gəldi. Mətbəxdə stolun üstündə olan bıçağı götürərək Laləzərə yaxınlaşdım. Ona zərbələr endirdim.
Şok vəziyyətdə olduğumdan onu necə vurduğum, neçə zərbə endirdiyim dəqiq yadımda deyil. Laləzər yerə yıxıldı, hərəkətsiz vəziyyətdə qaldı. Qapını açaraq çölə çıxdım. Kərimi də götürərək onunla birlikdə oradan getdim. Maşının yanına çatanda dayımoğlu İsanı gördüm. İsa və Kərimlə birlikdə maşına oturaraq Bakı şəhəri istiqamətində hərəkət etdik.. Daha sonra Sahil qəsəbəsi ərazisində maşını saxladım. Kərimə və İsaya Laləzəri öldürdüyümü dedim. İsa ilə Kərimi maşından düşürtdüm. Bir neçə dəfə 102-yə zəng vurdum. Ancaq məşğul idi.
Qardaşım Vəliyə zəng vuraraq Laləzəri öldürdüyümü dedim. Daha sonra anamı sonuncu dəfə görmək üçün onun yanına getdim. Yenə 102-yə zəng vurdum və hadisə barədə məlumat verdim”.
Səbuhi Kərimov ifadəsinin sonunda qeyd edib ki, Laləzəri xüsusi amansızlıqla öldürmək istəməyib. Onun sözlərinə görə, Laləzərin qardaşına xəyanət etməsi barədə heç vaxt şübhəsi olmayıb. O, əməlindən peşman olduğunu qeyd edib.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesin sonunda hökm oxunub.
Səbuhi Kərimov 15 il müddətinə azadlıqdan məhrum edilib.