Masallı rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən Kənan Bəyoğlanlı və Abdin Bəyoğlanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Səfərlinin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı aprelin 1-nə təyin olunub.
İttihama görə, ötən il sentyabrın 7-də gecə saat 01.00 radələrində Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində 1988-ci il təvəllüdlü Malik Şiriyevin bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
İstintaqla zərərçəkmişin tanışı 1998-ci il təvəllüdlü Kənan Bəyoğlanlının şəxsi münasibətlər zəminində mübahisə zamanı Malik Şiriyevi öldürməsinə əsaslı şübhələr müəyyənləşib.
Kənan Bəyoğlanlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaq araşdırması zamanı qətlin daha bir iştirakçısı, Kənan Bəyoğlanlının qohumu Abdin Bəyoğlanov da müəyyən olunub və o da istintaqa cəlb olunub.
Məlum olub ki, Malik Şiriyev hadisədən bir neçə ay əvvəl nişanlanıb. Sonra isə onun nişanlandığı qızla nikahları rəsmişləşidirilib.
Amma hadisədən bir ay öncə Malik Şiriyev nikahın ləğv olunması üçün Masallı rayon İcra Hakimiyyətinin Ərkivan ərazi nümayəndəliyinə müraciət edib və heç bir ciddi səbəb göstərməyib.
Bundan bir ay sonra isə Malik Şiriyev qətlə yetirilib. Qətlin bu nikahın ləğv olunması olayı ilə əlaqəli olduğu ehtimal edilir.
Malik Şiriyev OBA marketində administrator işləyib.
İstintaq orqanı tərəfindən Kənan Bəyoğlanlı və Abdin Bəyoğlanovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham elan edilib.