İstanbulun Şişli rayonundakı hoteldə eyni otaqda qalan bir kişi və bir qadın olmaqla, iki nəfər ölü tapılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Sabah” məlumat yayıb.
Bildirilib ki, polis hadisə ilə bağlı istintaq başlatsa da, mərhumların ölüm səbəbinin cəsədlərin incələnməsindən sonra bəlli olacaq.
42 yaşlı Hiranur Korkmaz adlı qadınla 38 yaşlı Muhammet Osman Gürlek adlı kişinin cəsədlərinin aşkar olunduğu otaqda narkotik maddə də tapılıb.
Harbiye məhəlləsinin Cümhuriyyət küçəsində yerləşən hotelin əməkdaşlarının sözlərinə görə, otağın sakinləri ötən bazar ertəsi onu təhvil verməli idilər. Lakin sakinlərin bunu etmədiyini görən işçilər ehtiyat açarla qapını açıb içəri girərkən onların öldüyünü görüblər. Əməkdaşlar qadın cəsədinin yataqda, kişi cəsədinin isə hamam otağında olduğunu bildiriblər.
Cəsədlərdə hər hansı bir kəsici, deşici və ya güllə yaraları aşkar olunmayıb. Hazırda polis təhlükəsizlik kameralarının görüntülərini araşdırır.
Qeyd edək ki, bu ölüm faktının videogörüntüləri sosial şəbəkədə yayılmış, sözügedən görüntülərin İstanbulda vəfat etmiş Azərbaycan vətəndaşına aid olduğu iddia edilmişdi. Bu gün aparılan istintaq isə bunun belə olmadığını bir daha sübut edib.