29 Mart 2021 11:16
2 354
12 Punto 14 Punto 16 Punto 18 Punto

1976-cı il təvəllüdlü Bərdə rayon sakini Qadir İbrahimov 1997-ci il təvəllüdlü həmkəndlisi Namiq Ağamirovu ov tüfəngi ilə öldürmək istəyib.

Teleqraf.com-un xəbərinə görə, hadisə iyulun 12-də saat 6 radələrində Bərdə rayonu, Otuzikilər kəndində baş verib.

Qadir İbrahimov Namiq Ağamirovun evi önündə olarkən qızına bəslədiyi sevgi mübasibətlərinə görə əvvəllər mübahisə edib.

Hadisə baş verən günü o, Namiqin atla iribuynuzlu heyvanları otlaq sahəsinə apardığını görüb və kənd ərazisində başqa yolla gedə biləcəyi halda, qızına görə onun evi qarşısından keçməsinə əsəbləşib. İdarə etdiyi “VAZ-2106” markalı avtomobilin ön oturacağına qoyduğu ov silahını götürüb və patronla doldurduqdan sonra Namiqə ardıcıl iki atəş açıb.

Namiq müxtəlif dərəcəli xəsarət aldıqdan sonra xəstəxanaya çatdırılıb. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Qadir İbrahimovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

“Qızımı narahat edirdi”

Qadir İbrahimov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, həbs edilməzdən əvvəl ailə üzvləri ilə birlikdə Bərdə rayonu Otuzikilər kəndində yaşayıb:

“Əvvəllər heç bir cinayət hadisəsi törətməmişəm. Ailədə özümdən başqa həyat yoldaşım Şövkət, Elnarə və Rövşən adlı iki azyaşlı övladlarım var. Qızım Elnarə və oğlum Rövşən Bərdə rayonu, Xanqaraqoyunlu kənd orta məktəbinin 8-ci və 5-ci siniflərində təhsil alıblar. Rəsmi olaraq heç bir yerdə işləməmişəm və təsərrüfatla məşğul olaraq ailəmi dolandırmışam.

Namiqi həmkəndlim Əhmədin oğlu kimi uzun müddətdir tanıyıram. Aramızda əvvəllər heç bir düşmənçilik və ya ədavət olmayıb. Xatırladığım qədəri ilə təxminən 3-4 ay əvvəl qızım Elnarə məktəbdən evə gələrək Namiqin onun arxasınca düşdüyünü və narahat etdiyini dedi. Buna görə həmin gün Namiqin atası Əhmədlə görüşdüm, ona oğlunun qızımı narahat etdiyini bildirdim. Əhməd oğlu ilə danışıb, bu məsələyə son qoyacağına dair söz verdi”.

“Xəbərdarlığıma güldü...”

Qadirin sözlərinə görə, bir neçə dəfə Namiqi yaşadığı evin həndəvərində görüb: “Daha iki dəfə Namiqə yaşadığım evin yaxınlığına gəlməməsi ilə bağlı xəbərdarlıq etdim, amma o bu xəbərdarlıqlara məhəl qoymadı. Əksinə, gülərək özündənrazı davranış nümaiş etdirdi.

Sonuncu dəfə Namiqi hadisədən təxminən 10-15 gün əvvəl günorta saatlarında yaşadığım evin yaxınlığında gördüm. Ona bu hərəkətlərinin axırının yaxşı olmayacağını dedim.

Bu zaman yanımda arvadım Şövkət və oğlum Rövşən də olub. Arvadım və oğlum mənim Namiqlə aramızda olan söhbəti eşitdilər. Hərəkətlərinin axırının yaxşı olmayacağını deməklə Namiqi döymək, bıçaqlamaq və ya odlu silahla güllələmək kimi müxtəlif şeyləri ağlımdan keçirdim.

Ancaq Namiqi tüfənglə, yaxud bıçaqla vurmaq üçün hər hansı bir imkanım olmadı”.

“Gizli evimin önünə gəlib-getməyə davam etdi”

Qadir ifadəsində göstərib ki, Namiqin dediklərindən nəticə çıxaracağını və qızı Elnarəni daha narahat etməyəcəyini düşünüb: “Ancaq Namiq yenə xəbərdarlıqlarıma məhəl qoymadı, yaşadığım evdə olmayan zamanlarda gizli şəkildə evimin önünə gəlib-getməyə davam etdi. Bununla bağlı məlumatı mənə oğlum Rövşən verib.

Rövşən sonuncu dəfə Namiqin yaşadığımız evin yaxınlığına gəlməsi barədə məlumatı hadisədən 5 gün əvvəl verd. Bundan sonra artıq Namiqin söz başa düşən bir insan olmadığını qəbul etdim.

Bu səbəbdən Namiqi uzun illərdən bəri yaşadığım evdə saxladığım, babam Əsədulladan yadigar qalmış tüfənglə vurmaq qərarına gəldim”.

“Qızıma etdiyi hörmətsizlik yadıma düşdü”

Qadir İbrahimov qeyd edib ki,hadisə günü, səhər saat 06.00-da yaşadığı kənd ərazisindəki bostanda əkdiyi qarpızı qarğalardan qorumaq üçün təkbaşına bostana getməli olub: “Yaşadığım evin çıxış üçün iki qapısı var. Həmin qapılardan biri heyvanların, digəri isə avtomobillərin çıxması üçün nəzərdə tutulub.

Evdən çıxan zaman ətraf aydınlıq olduğundan hər yer rahat və aydın şəkildə görünürdü. Bu səbəbdən idarə etdiyim avtomobilin işıqlarını yandırmadım. Bostanda uçan qarğaları qorxutmaq üçün tüfəngi də özüm ilə götürmüşdüm. Bostanın kənarına doğru avtomobillə yola düşdüm. Həmin vaxt tüfəngi avtomobilin sağ ön oturacağının üzərinə qoymuşdum.

Avtomobillə hərəkətdə olan zaman yolda hər hansı şəxs görmədim. Təxminən 150 metr hərəkət etdikdən sonra yolun üzərindəki burulma hissəsini keçərkən Namiqin at belində 3-4 baş iribuynuzlu heyvanı otarmaq üçün torpaq sahələrinə tərəf apardığını gördüm.

Namiqi görən kimi sözlərimə məhəl qoymaması və qızıma etdiyi hörmətsizlik yadıma düşdü”.

“Kürək nahiyəsini nişan aldım”

Təqsirləndirilən şəxs qeyd edib ki, istifadəsində olan torpaq sahəsinin sağ tərəfində avtomobillə hərəkət edib: “Namiq isə mənim əks tərəfimdə, yolun sol tərəfi ilə atın üzərində mal-qara otarırdı. Namiqin arxa tərəfinin mənə doğru olmasına baxmayaraq atın üzərində sağa-sola çevrildiyindən məni gördü. Məni gördükdə özlərinin torpaq sahəsinə doğru atı çapdı. Həmin vaxt Namiq ilə mənim aramda təxminən 25-30 metr məsafə vardı.

Dərhal avtomobili saxladım, ön oturacaqda olan tüfəngi özümlə götürdün və iki patronu içərisinə daxil edərək avtomobildən yerə düşdüm. Namiq məndən uzaqlaşmağa davam etdi. Həmin əraziyə avtomobillə getmək mümkün olmadı. Əlimdəki tüfəngi doldurduqdan sonra Namiqin kürək nahiyəsini nişan alaraq ard-arda iki dəfə atəş açdım. Atəşin Namiqin hansı nahiyələrinə dəydiyini bilməmişəm.

Namiq atəş açıldıqdan sonra daha sürətlə uzaqlaşdı. Onun arxasınca getmədim”.

“Polislər evimə gəldi”

Qadirin sözlərinə görə, Namiqin getdiyi torpaq yolla avtomobil sürmək mümkünsüz olduğundan həmin istiqamətdə hərəkət edə bilməyib: “Hadisə zamanı ətrafda başqa heç kim olmayıb. Namiqə atəş açdıqdan sonra bostana getmədim, evə qayıtdım. Həmin vaxt evdə arvadım, qızım və oğlum olublar. Ailə üzvlərimə Namiqi tüfəngdən atəş açaraq vurduğumu, ancaq ölüb-ölməməsini bilmədiyimi dedim. Evdə bir neçə dəqiqə gözlədim.

Çay içdikdən sonra polis əməkdaşları yaşadığım evə gələrək məni Bərdə rayon polis şöbəsinə dəvət etdilər. Polis əməkdaşları ilə razılaşdım, cinayət hadisəsini törədərkən istifadə etdiyim tüfəngi, evdə saxladığım 15 ədəd patronu, içərisində gilizlər olan qatarı, barıtı, qırma bağlamasını götürdüm, polis əməkdaşları ilə birlikdə Bərdə rayon polis şöbəsinə gəldim”.

“İstəyimi qıza bildirmək qərarına gəldim”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Namiq qeyd edib ki, ailə üzvləri ilə birlikdə Otuzikilər kəndində yaşayır: “Rəsmi olaraq heç bir yerdə işləməsəm də, təsərrüfatla məşğul olaraq dolanıram. Qadir həmkəndlimdir, onu uzun müddətdir tanıyıram. Əvvəllər nə mənim, nə də ailə üzvlərimin Qadirlə heç bir düşmənçiliyimiz olmayıb.

Təxminən bir il əvvəl Qadirin qızı Elnarəni məktəbə gedib-gəldiyi zaman gördüm. Ciddi niyyətlə istəyimi qıza bildirmək qərarına gəldim”.

“Atama qızdan xoşum gəldiyini söylədim”

Namiqin sözlərinə görə, 2019-cu ildə Elnarə məktəbə gedib-gələn vaxtlarda ona yaxınlaşıb və ondan xoşu gəldiyini bildirib: “Elnarə onu narahat etməməyimi və ondan uzaq durmağımı dedi. Bundan sonra bir daha heç vaxt Elnarəni narahat etmədim.

2020-ci ilin qış aylarında evdə olan zaman atam mənə Qadirin qızı Elnarəni narahat etdiyimi irad tutdu. Atama qızdan ciddi niyyətlə xoşum gəldiyini söylədim. Ancaq atam mənə camaatın qızını narahat etməməyimlə bağlı məsləhət verdi, vaxtı gələn zaman elçi gedəcəklərini söylədi.

Hadisədən təxminən 10-15 gün əvvəl kənd ərazisində yerləşən mağazanın qarşısında olarkən Qadirlə qarşılaşdım. Qadir məndən haradan gəldiyimi soruşdu. Mən isə işimlə əlaqədar kənd ərazisində olduğumu bildirdim. Qadir mənə əməlllərimin sonunun yaxşı nəticələnməyəcəyini deyərək xəbərdarlıq etdi”.

“Məni xəstəxanaya çatdırdı”

Namiq bildirib ki, hadisə günü, təxminən saat 05.30-da ata minib və iribuynuzlu heyvanları otarmaq üçün evdən çıxıb: “Qadirin evinin arxa tərəfində yerləşən örüş-otlaq sahəsinə yollandım. Təxminən saat 06.00-da qəflətən atəş açıldı və yolun kənarından avtomobili ilə keçən Qadirin tüfəngini mənə tuşladığını gördüm. Sonuncunun yenidən atəş açmaq niyyətində olduğunu bildim. Qadirin açdığı ilk atəş nəticəsində xəsarət almışdım. Buna görə dərhal mindiyim atı çaparaq uzaqlaşmaq istədim.

Həmin vaxt mənimlə Qadirin arasında təxminən 25 metr məsafə olub. Qadir mənə ikinci dəfə atəş açdı. İkinci atəşdən sonra kürək və baş nahiyəmdən xəsarət aldım. Buna görə sürətlə atı çaparaq dayım Müslümün yaşadığı evə getdim. Dayım qonşusu Suliddinlə birlikdə məni Bərdə rayon mərkəzi xəstəxanasına çatdırdı”.

Namiq ifadəsinin sonunda bildirib ki,təqsirləndirilən Qadirə qarşı heç bir şikayəti yoxdur, onunla barışıb.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin sədrlik etdiyi kollegiyada baxılıb.

Qadir İbrahimov 9 il 6 ay müddətinə azadlıqdan məhum edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər