“DəmirBank” Açıq Səhmdar Cəmiyyətinin müraciəti külli miqdarda güzəştli kreditin mənimsənilməsi faktlarına görə cinayət işi başlanıb.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, bəzi hüquqi və fiziki şəxslər tərəfindən bankdan alınmış güzəştli kreditlərdən təyinatı üzrə istifadə edilməməsi barədə “DəmirBank” Açıq Səhmdar Cəmiyyətinin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Araşdırmalar zamanı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil kredit təşkilatı kimi büdcə vəsaiti və öz vəsaitləri hesabına “DəmirBank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2006-2010-cu illərdə kəndli-fermer təsərrüfatının inkişafı, tikinti və sənaye sahəsində işlərin sürətləndirilməsi məqsədi ilə saxta biznes planlar və digər sənədlər tərtib etmiş bəzi fiziki və hüquqi şəxslərin adlarına güzəştli şərtlərlə verilmiş 10 milyon 666 min 600 manat məbləğində külli miqdarda kreditin təyinatı üzrə istifadə edilməyib.
Həmin fiziki və hüquqi şəxslər tərəfindən israf edilərək mənimsənilməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 195.2 ( külli miqdarda qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Hacı Zeynalov