Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirli bilinən Ağsu rayon sakini Fərid Cəlilovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, yol qəzası bu ilin fevralın 23-də Bakı-Şamaxı yolunun 115-ci kilometrliyində, Şamaxı rayonu ərazisində qeydə alınıb. Ağsu rayon sakini, 1989-cu il təvəllüdlü Fərid Cəlilovun idarə etdiyi “VAZ 21015” markalı minik maşını qarşı tərəfədən gələn “KaMAZ” markalı yük maşını ilə toqquşub.
Hadisə nəticəsində “VAZ 21015”in sərnişinləri- 1992-ci il təvəllüdlü Rza Fazilzadə və 1991-ci il təvəllüdlü Vüqar Mütəllimov dünyasını dəyişib, sürücü Fərid Cəlilov isə ağır bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılıb. Araşdırmaların sonunda Fərid Cəlilov yol qəzasının törədilməsində günahkar bilinib və onun barəsində cinayət işi başlanıb.
Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Fərid Cəlilov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov