31 Mart 2021 10:51
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeronda qətl və xəsarətlə nəticələnən kütləvi dava ilə nəticələnən hadisənin iki iştirakçısı Bahadur Əliyev və Xəlil Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Mirzə Xankişiyevin icraatına verilib.

Bundan başqa, hadisənin digər iştirakçıları - Tural Quliyev, Yaşar Mövsümovun və Rəman Mirzəyevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim İlham Mahmudovun icraatına verilib.

Hər iki cinayət işi üzrə yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, ötən il iyulun 25-də saat 19 radələrində Xırdalan şəhəri ərazisində 1991-ci il təvəllüdlü Hüseynağa Yaqubov və 1975-ci il təvəllüdlü Məmməd Məmmədovun aldıqları bıçaq xəsarətlərindən ölmələri, bir neçə şəxsin isə ağır dərəcəli müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmələri barədə məlumat daxil olub.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.

İstintaqla Xırdalan şəhəri, İslam Səfərli küçəsində bir qrup şəxs – bir tərəfdən Məmməd Məmmədov və Xəlil Məmmədov, digər tərəfdən isə Tural Quliyev, Yaşar Mövsümov, İlqar Həsənəliyev, Rəman Mirzəyev və Hüseynağa Yaqubov arasında kəsici-deşici alətlərdən istifadə edilməklə yaranmış münaqişə zəminində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər nəticəsində 1991-ci il təvəllüdlü Hüseynağa Yaqubov və 1975-ci il təvəllüdlü Məmməd Məmmədovun aldıqları xəsarətlərdən ölmələri, hadisənin digər iştirakçılarının isə ağır dərəcəli müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmələri müəyyən olunub.

İstintaq orqanı tərəfindən Bahadur Əliyev və Xəlil Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə ittiham elan edilib.

Onların barəsində Cinayət Məcəlləsinin120.2.2, 29,120.2.4 və 221.3-cü maddələri ilə ittiham elan olunub.

Bahadur Əliyev və Xəlil Məmmədovun cinayət işi üzrə Tural Quliyev, Rəman Mirzəyev, Yaşar Mövsümov zərərçəkmiş qismində, İlqar Həsənəliyev, Hüseynağa Yaqubovun isə ailə üzvləri isə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınıblar.

Tural Quliyev, Yaşar Mövsümovun və Rəman Mirzəyevin cinayət işi üzrə isə Xəlil Məmmədov, Bahadur Əliyev zərərçəkmiş şəxs qismində, qətlə yetirilən Məmməd Məmmədovun ailə üzvləri isə zərərçəkmiş şəxs qismində tanınıblar.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər