5 May 2014 14:22
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apellyasiya Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Teleqraf.com-un məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, G.Əhmədovanın Ali Məhkəməyə göndərdiyi kassasiya şikayəti baxılmamış saxlanılıb.

Hakim deyib ki, kassasiya şikayətinin baxılmamış saxlanılması ilə bağlı sorğuya cavab verilib. Kassasiya şikayəti baxılmamış saxlanıldığı üçün appelyasiya şikayəti davam etdirilir.

Vəkil Əfsər Talıbov Ali Məhkəmənin qərarını alandan sonra çıxış edəcəyini deyib. Hakim ona çıxış etməyi təklif edib. Bu zaman vəkillə hakim arasında mübahisə yaranıb.

Mübahisədən sonra G.Əhmədovanın digər vəkili Fazil Nemətov prosesdə 5 dəqiqəlik fasilə elan olunmasını istəyib. O deyib ki, çıxış etmək üçün G.Əhmədova ilə məsləhətləşmək istəyirlər. 5 dəqiqəlik fasilədən sonra davam etdirilən prosesdə F.Nemətov çıxış edib.

O, G.Əhmədovaya verilmiş ittihamların əsassız olduğunu bildirib. Çıxışının sonunda G.Əhmədovanın barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Digər vəkil Lətif Ağayev də apellyasiya şikayətini müdafiə edib, o da sabiq deputat barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Daha sonra Ə.Talıbov çıxış etməyə başlayıb, bu zaman G.Əhmədovanın səhhti pisləşib. Buna görə də hazırda fasilə elan olunub.

Hacı


Müəllif: