27 Aprel 2021 21:00
1 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələ rayon sakini, 1985-ci il təvəllüdlü Elşən qohumu Zaura xəsarət yetirib.

Teleqraf.com-un xəbərinə görə, Elşən Qəbələ rayonunun Hacıallı kəndində yaşadığı evin həyətində yeznəsinin qardaşı Zaurun onun mərhum bacısı Günayın ünvanına nalayiq ifadələr işlətdiyinə görə əsəbiləşib.

Bu səbəbdən o, Zaurun sifət nahiyəsinə başı ilə vuraraq, ona xəsarət yetirib.

Elşənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə ifadə verən Elşən elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə baş verən günü, gecə saat 1 radələrində evdə yatdığı zaman həmkəndlisi Zaur onu çağırdığını eşitdiyi üçün həyətə düşüb: “Zaurdan nə istədiyini soruşdum. Cavab olaraq qardaşı qızı Tünzaləni çağırmağımı tələb etdi. Zaura mərhum bacım Günayın təzə vəfat etdiyini bildirdim, saatın gec olduğunu əsas gətirərək, həyətimizi tərk etməsini xahiş etdim. Zaur ünvanıma nalayiq ifadələr işlətdi.

Onu yola verərək həyətindən çıxarmağa çalışmağıma baxmayaraq, mənə müqavimət göstərdi. Məni itələdiyi, eləcə də mərhum bacım Günayın ünvanına nalayiq ifadələr işlətdiyi üçün məcbur qalaraq onun sifət nahiyəsinə başımla vurdum. Zaurun burnu qanadı”.

Elşən İsmayılovun sözlərinə görə, həmin vaxtı qapı tərəfdən Zaurun anası Mehriban içəriyə daxil olub: “Nə ilə vurduğunu qaranlıq olduğundan görə bilməməyimə baxmayaraq hansısa küt əşya ilə baş nahiyəmə vurmasından sonra ağrı hiss etdim. Daha sonra isə baş nahiyəmdən qan axdı. Həmin vaxtı həyətdə anam, qardaşım qızı, mərhum bacımın qızı Tünzalə olub.

Səsə yaxınlıqda yaşayan qardaşım Valeh və onun həyat yoldaşı gəldilər. Həmin şəxslər gəldikdən sonra çətinliklə də olsa Zauru və anasını həyətdən bayıra çıxartdılar. Qardaşım Valeh baş verənlər barədə polisə məlumat verdiyi zaman Zaurun anası avtomobilə əyləşdi, oğlunu çağırdı. Lakin Zaurun gəlmədiyini gördüyünə görə avtomobildən düşərək piyada evlərinə doğru qaçdı”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Zaur bildirib ki, əvvəlcədən üç bakal pivə içdikdən sonra özünə məxsus “Ford Tempo” markalı avtomobilinə əyləşərək qardaşı Anarın qaynı Elşənə məxsus yaşayış evinin həyətinə gəlib: “Qardaşımın mərhum həyat yoldaşı Günayın vəfatından sonra Elşəngildə qalan qardaşım qızını evimizə aparmaq istəyirdim. Elşən nə istədiyimi soruşdu. Bu zaman Elşəndən Tünzalənin harada olduğunu soruşdum, onu aparmaq üçün gəldiyimi dedim.

Elşən cavab olaraq “Tünzaləni neyləyirsən? Sənə veriləsi qızımız yoxdur” dedi. Yenə qardaşım qızı Tünzaləni aparmaq istədiyimi dedim. O, istəyimə məhəl qoymadı və məni həyətdən çıxarmağa cəhd etdi. Məndən əl çəkməsi üçün Elşəni əlim ilə itələdim. Həmin vaxtı Elşən gözlənilmədən sifət nahiyəmə başı ilə vurdu, burnumdan qan axdı. Həyət qapısından içəri daxil olan anam sifət nahiyəmin qan içində gördüyü üçün özünü saxlaya bilmədi. Anam da Elşənlə dalaşdı, anamın onu vurmasını görmədim”.

Bu cinayət işinə Qəbələ rayon Məhkəməsində hakim Elman İsayevin sədrliyi ilə baxılıb.

Elşəndən zərərçəkmiş tərəfin şikayəti olmadığı üçün barəsində olan cinayət işinə xitam verilib. Elşən cəzadan azad olunub.


Müəllif: Hacı Zeynalov