1 May 2021 14:17
1 273
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda 1996-cı il təvəllüdlü Taleh Tahir oğlu şəxsi münasibətlər zəminində bacanağı Mahirə xəsarət yetirib.

Teleqraf.com-un xəbərinə görə, Taleh Xaçmaz şəhərində “XXİ ƏSR” restoranı qarşısında bacanağı Mahirlə görüşərkən bir gün əvvəl onun yaşadığı evdə təşkil olunmuş məclis zamanı söyüş söydüynə görə mübahisə edib.

Mübahisə zamanı Taleh Mahirin sifət nahiyəsinə kəllə ilə vuraraq ona xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Talehin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Taleh ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə Quba rayonu 1-ci Nügədi kəndində yaşayır: “Rəsmi iş yerim yoxdu, ancaq fərdi olaraq gündəlik işləyib, ailəmi dolandırıram. Köhnə Xaçmaz kəndində yaşayan Mahiri mənim bacanağımdır. Onunla münasibətim yaxşı olub.

2018-ci ildə Xaçmaz rayon sakini Əfsanə ilə ailə həyatı qurmuşam. Həmin nikahdan bir övladım var. Günelin bacısı Əfsanə Köhnə Xaçmaz kəndində Mahirlə birlikdə yaşayır”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2019-cu ildə ailəsi ilə bacanağı Mahirin evinə qonaq gedib: “Mahirlə ikimiz yarım litrlik araq içdik. Söhbət zamanı işimdən danışdıq. Mahir məni ələ salaraq dedi ki, güya məni işdə sındırıblar və normal hörməti olmayan adamam. Ona dedim ki, məni sındıran olmayıb, elə adamı özüm sındıraram.

Söhbət zamanı aramızda mübahisə yarandı, Mahir məndən tələb etdi ki, evindən gedim. Özü də bir neçə dəfə pis söyüş söydü. Ailəmlə qapıdan çıxanda təkrar söydü. Dedi ki, get uşaqlarını evinə qoy, sonra qayıt gəl, söhbət edək. Ona dedim ki, sən içkilisən, sabah söhbət edərik”.

Taleh bildirib ki, bir gün sonra Mahirə zəng vurub və niyə axşam onunla kobud danışdığını, onu hansı səbəbdən söydüyünü soruşub: “Mahir təkrar mənimlə görüşmək istədiyini bildirdi, bir daha məni söydü. Mahirə iş yerimdə - Quba rayonu, Qaraçay kəndində yerləşən restoranda görüşərək söhbət etmək istədiyimi dedim. Mahir razı olmadı. Buna görə Mahiri söhbət üçün Xaçmaz rayonunda Kanal deyilən yerə çağırdım. Mahir “sən kimsən ki, sənin ayağına gəlim” deyərək Xaçmaz şəhərinə gəlməyimi tələb etdi. Məni bıçaqla vuracağını bildirdi”.

Taleh qeyd edib ki, bu barədə sonradan əmisi oğlu Elvinə danışıb: “Elvindən xahiş etdim ki, mənimlə getsin. Mahiri Elvin də tanıyırdı. Çünki bir müddət əvvəl Mahir Elvinin qardaşından maşın almışdı, maşından narazılıqları da olmuşdu. Elvinlə getməyə hazırlaşanda maşınının köhnə olduğunu dedi. Buna görə tanışım Kakaşanın “VAZ-2106” markalı avtomobili ilə getməyi təklif etdim. Birlikdə Xaçmaz şəhərinə gəldik.

Əvvəl zəngləşəndə Mahir bizi Bay-oba kəndi yoluna çağırdı. Xaçmaza çatanda “XXİ ƏSR” restoranın qarşısında olduğunu dedi. Buna görə həmin yerə getdik. Kakaşan maşında gözlədi. Elvinlə birlikdə maşından düşüb restoranın qarşısında dayanmış Mahirlə görüşdük”.

Talehin ifadəsinə görə, Mahirdən bir gün əvvəl evində onu söyməsinin səbəbini soruşub: “Halbuki, Mahirə qarşı heç bir söyüş və hörmətsizlik etmədim. Həmin vaxt Mahir özünə haqq qazandırmağa çalışdı və dedi ki, guya Mahirlə telefonda danışanda söymüşəm. Söhbət bitdikdə Elvinlə birlikdə aralanaraq getmək istədik. Elvini məni çağırdı və əlini çiynimə qoyaraq dedi ki, sən yaxşı oğlan deyilsən. Bu vaxt artıq əsəbləşərək Mahirin sifət nahiyəsindən kəllə ilə vurdum. Mahir yerə yıxıldı.

Əmim oğlu Elvin məni kənara çəkdi və həmin yerdən getməyimi tələb etdi. Kakaşan da maşından düşərək gəldi, bizi araladı”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Mahir bildirib ki, iki övladı var, rəsmi olaraq MMC-də sürücü kimi işləyir: “Hadisədən bir gün əvvəl bacanağım Taleh ailəsi ilə evimə qonaq gəldi. Bir yerdə oturaraq araq içdik. İkimizin arasında olan söhbət zamanı Taleh iş yerində olan şəxslərdən narazılıq etdi. Mən də Talehə zarafatla “işdə səni sındırıblar?” dedim.

Bu söz Talehin xoşuna gəlmədi və Taleh onu sındıran şəxsi pis söyüşlə evimin içində söydü. Talehə iradımı bildirdim, evdə söyüş söyməməsini dedim. Lakin Taleh yenidən söyüş söydüyü üçün onu evdən qovdum və sonra söhbət edəcəyimi Talehə bildirdim.

Bir gün sonra Taleh mənə zəng etdi və mənimlə görüşüb, söhbət etmək istədiyini dedi. Taleh məni yaşadığı Quba rayonu, Qaraçay kəndinə, Ağ-çinar kafesinə çağırdı. Lakin həmin yerə getmədim və Talehə yaşadığım yerə yaxın gəlməsini xahiş etdim.

Bir qədər sonra, saat 20 radələrində Taleh iki nəfər şəxslə Xaçmaz şəhərinə gəldi, “XXİ ƏSR” kafesinin qarşısında görüşdük. Söhbət zamanı qəfildən Taleh sifət nahiyəmdən kəllə ilə vurdu və zərbədən yerə yıxıldım.

Taleh oradan getdi, lakin onun əmisi oğlu hadisə yerində yanımda qalaraq məni sakitləşdirdi”.

Bu cinayət işinə Xaçmaz rayon Məhkəməsində hakim İlkin Xəlilovun sədrliyi ilə baxılıb.

Taleh 2500 manat miqdarında cərimə olunub.


Müəllif: Hacı Zeynalov