Quba rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən Ələskər Ələskərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim İlham Mahmudovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, 2020-ci il oktyabrın 21-də saat 18 radələrində Quba rayonu, Vladimirovka kənd sakini 1991-ci il təvəllüdlü Söhrab Baratovun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı Ələskər Ələskərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Söhrab Baratovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Ələskər Ələskərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.