Bakının Nizami rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən Kamil Qurbanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Mahmud Ağalarovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, bu il yanvarın 9-da saat 17 radələrində 1979-cu il təvəllüdlü Səfərov İmran Mustafa oğlunun paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 124 saylı binanın qarşısında qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1985-ci il təvəllüdlü Kamil Qurbanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla İmran Səfərova xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq orqanı tərəfindən Kamil Qurbanovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham elan edilib.