Azərbaycanda milli parklara qanunsuz daxil olmaq istəyən əcnəbilər saxlanılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, oktyabr ayında keçirilən reydlər zamanı Ağgöl Milli Parkının ərazisində qanunsuz ovla məşğul olan 4 xarici ölkə vətəndaşı saxlanılaraq barələrində qanunamüvafiq tədbirlər görülüb. Belə ki, 17 oktyabr 2014-cü il tarixində Ağgöl Milli Parkının ərazisinə daxil olmaq istəyən, içərisində İraq Respublikası vətəndaşları Jamal Ahmed Salm və İmad Alabersan Hlailin olduğu "90 SR 229" dövlət nömrə nişanlı “Niva” markalı avtomobil saxlanılıb. Avtomobilə keçirilən baxış zamanı müxtəlif ov vasitələri və tələ müəyyən olunaraq götürülüb.
26 oktyabr 2014-cü il tarixində Milli Parkın ərazisində keçirilən növbəti reyd zamanı isə içərisində 2 Suriya Ərəb Respublikası vətəndaşı - Jamal Akil Mahfouz və Jomaa Aljodeia Khatabın olduğu "90 TD 576" dövlət nömrə nişanlı “Niva” markalı avtomobil saxlanılıb. Avtomobildən quş ovlamaq üçün lazım olan çoxlu sayda vasitələr aşkar edilərək götürülüb.
Faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun akt və protokol tərtib edilərək qanunsuz ov alətləri müsadirə olunub və 4 nəfər əcnəbi qanun pozucusu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati qaydada, hər biri 2000 manat olmaqla, ümumilikdə 8000 manat məbləğində cərimə olunub və həmin məbləğin ödənilməsi təmin edilib.
Xatırladaq ki, 2014-cü ilin 9 ayı ərzində ETSN-in əməkdaşları tərəfindən respublika ərazisində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 152 nəfər saxlanılıb, onlardan 148 ədəd ov tüfəngi və 543 ədəd patron götürülüb. Qanunu pozmuş şəxslər barəsində akt və protokol tərtib olunaraq ümumilikdə 138 012 manat məbləğində cərimə və iddia tətbiq edilib.
Eyni zamanda, reydlər zamanı qanun pozucuları tərəfindən şəxsiyyətlərini təsdiq edən və ov silahlarına dair sənədlərin təqdim edilməməsi, nazirliyin əməkdaşlarına müqavimət göstərilməsi halları da baş verib. Bu qanun pozucuları barəsində tədbir görülməsi, şəxsiyyətlərinin müəyyənləşdirilərək qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə aidiyyəti rayon polis şöbələrinə müraciət olunub.