Sabirabad rayon sakini, 1998-ci il təvəllüdlü Elnarə Abşeron rayonu ərazisində şəxsi münasibətlər zəminində İlkin adlı şəxsi bıçaqlayıb.
Teleqraf.com-un xəbərinə görə, Elnarə 16 fevral 2020-ci ildə saat 22.00-da anası Gülnarənin Xırdalan şəhərində icarə əsasında işlətdiyi “New York” kafesində olarkən müştəri İlkin içkili vəziyyətdə ona yaxınlaşıb və musiqi səsləndirməsini istəyib. Elnarə telefonunda enerji yığımının az olması səbəbindən musiqi səsləndirə bilməyəcəsini bildirib.
İlkin istəyinin yerinə yetirilməməsindən qəzəblənib və mübahisə yaradıb. Yumruq-təpiklə Elnarəyə xəsarət yetirib.
Buna görə Elnarə kafenin mətbəxindən götürdüyü bıçaqla İlkinin qarın nahiyəsindən vurub. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı Elnarənin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edib.
Elnarə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, anası Xırdalan şəhərində “New York” kafesini icarə əsasında işlədir: “Tək olduğundan arabir anamın işlətdiyi kafeyə köməyə getmişəm. Sadə işlərdə anama kömək etmişəm. Hadisənin baş verdiyi gün axşam saatlarında dişim ağrıdığından anamla birlikdə “Kristal Abşeron” yaşayış kompleksində diş həkiminə getdik.
Həkim kabinetində olan zaman “New York” kafesində işləyən ofisiant qadın anama zəng edərək müştərilərin problem yaratdıqlarını bildirdi, imkan daxilində kafeyə gəlməsini istədi. Anam məni həkimin yanında qoydu, özü kafeyə qayıtdı. Bu müddətdə həkim dişimin müalicəsi ilə məşğul oldu”.
Elnarənin sözlərinə görə, bir qədər sonra anası yenidən həkim kabinetinə onun yanına gəlib: “Müalicə bitirdi və anamla birlikdə kafeyə qayıtdıq. Yolda anamın deməsinə görə İlkin adlı biri kafedə sərxoş vəziyyətdə özünü yaxşı aparmayıb, narahatçılıq yaradıb və anam hər şeyi yoluna qoyub. Saat təxminən 22 radələrində anamla birlikdə kafedə oturaraq yemək yeyən zaman əvvəllər görmədiyim və tanımadığım, sonradan adının İlkin olmasını öyrəndiyim şəxs sərxoş vəziyyətdə salonda həzin musiqi ilə qeyri-adi hərəkətlərlə rəqs etdi, ortalıqda şpaqat açdı.
Bir-iki dəqiqə sonra İlkin anamla oturduğumuz masaya yaxınlaşdı və məndən “Qobustan qayaları” adlı mahnı səsləndirməyimi istədi. Telefonunun cərəyanı bitmək üzrə olduğundan İlkinə bunun mümkün olmayacağını bildirdim”.
Elnarənin ifadəsinə görə, əvvəllər müştərilərin xahişi və ya özlərinin təşəbbüsü ilə mobil telefondan istifadə etməklə internet şəbəkələrindən müxtəlif mahnılar seçib, səsgücldəndiricilər vasitəsi ilə kafenin salonunda səsləndirib: “Mahnı sifarişindən imtina etdiyimdən İlkin mənə hirsləndi. Dedi ki, necə olur, başqa vaxt mahnı qoya bilirsən, indi mən dedim deyə, mahnı qoymursan? İsrarla mahnı səsləndirməyi tələb etdi.
İlkin yekun cavabımı gözləmədən təpiklə vuraraq bizim oturduğumuz stolun üstünü dağıtdı, digər stolların üstündə olan çaynikləri, qənd-konfet qablarını yerə çırpdı. Yeməklər, servislər kafenin salonuna dağıldı.
Həmin vaxt kafedə İlkinin ətrafında 3 nəfər, əlavə olaraq 3-4 nəfər müştəri və bir də ofisiant olub. İlkinə hərəkətləri ilə bağlı iradlarımı bildirdim. O, yumruq-təpiklə bədənimin müxtəlif nahiyələrindən vuraraq xəsarət yetirdi. saçımdan tutaraq məni itələdi, divara çırpdı.
Anam məni İlkinin əlindən xilas etmək, xuliqanlığının qarşısını almaq istədi. O, anamı da təpiklə vurdu”.
Elnarə qeyd edib ki, İlkinin onlara daha ağır xəsarətlər yetirəcəyindən, kafeni dağıdacağından qorxaraq onun hərəkətlərinin qarşısını almaq məqsədilə qaçaraq mətbəxə keçib: “Hücum edəcəyi təqdirdə onu qorxutmaq üçün mətbəxdən bıçaq götürüb geri qayıtdım. İlkinin yenə üstümə gəldiyini gördüm, ondan yaxın gəlməməyi tələb etdim. O isə hərəktlərini davam etdirdi, yenə də üstümə gəldi. Özümü qorumaq məqsədilə bıçaqla İlkini vurdum.
Hadisə yerində olan şəxslərdən biri bıçağı əlimdən alaraq yerə atdı. İlkin və ətrafında olan şəxslər kafedən getdilər”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baxılıb.
Elnarənin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 2 il 11 ay 28 gün müddətinə azadlıdan məhrum edilib.