Ağdaş rayonunda koronavirus infeksiyasının yayılmasında təqsirli bilinən 1972-ci il təvəllüdlü Hüseyn Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Hüseyn Hüseynovun Ağdaş rayon Mərkəzi Xəstəxanasında COVID-19 virusu ilə bağlı verdiyi yaxma analizin nəticəsin pozitiv çıxıb.
Həkim nəzarəti altında 14 gün müalicə təyin olunaraq ev karantinində qalması və evi tərk etməməsi ilə bağlı təlimatlandırılmasına baxmayaraq o, müalicə müddəti bitməmiş yaşayış yerini tərk edib.
Bununla o, karantin rejimini pozub, xəstəliyin yayılması üçün real təhlükə yaradıb.
İstintaq orqanı tərəfindən Hüseyn Hüseynovun barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə material baxılması üçün Ağdaş rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Famil Nəsibovun sədrliyi ilə araşdırılıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Hüseyn Hüseynov bildirib ki, 2020-ci il noyabrın axırları və dekabrın əvvəllərində özünü narahat hiss edib: “Buna görə də COVID-19 testi verdim, xəstəxanaya mobil nömrəmi təqdim etdim”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, xəstəxanadan ona zəng ediblər: “Mənə testin nəticələrinin pozitiv çıxdığını bildirdilər. Həmçinin özümü təcrid etmə qaydalarını riayət etməyimi bir daha izah etdilər. Mənə iltizamnamə imzaladıldığımi, 14 gün təcriqd olunumağımı və yaşayış yerimi tərk etməməyimi bildirdilər. Əks halda inzibati və cinayət məsuliyyəti daşıyacağım barədə xəbərdarlıq edildi”.
Hüseyn Hüseynov qeyd edib ki, testinin nəticəsi pozitiv çıxsa da, özündə narahatlıq hiss etməyib: “Xırdabuynuzlu heyvan saxlayırıq. Həmin heyvanlara ailəm baxır. Oğlumun biri İqtisad Universitetində oxuyur, digər oğlum isə həqiqi hərbi xidmətdədir. Bu səbəbdən heyvanlara heç kim baxa bilmirdi. Buna görə qoyunları çıxararaq evdən təxminən 500 metr aralıya, otlaq sahəsinə apardım. Həmin gün saat təxminən 12 radələrində telefonuma zəng gəldi. Telefonda özünü polis əməkdaşı kimi təqdim edən şəxs mənə COVID-19 testinin pozitiv çıxmasına baxmayaraq evi tərk etdiyimi bildirdi. Hazırda evimin qarşısında olduğumu dedim. Mənə tez evə qayıtmağım tələb edildi. Qoyunları götürərək evə qayıtdım”.
Hüseyn Hüseynovun sözlərinə görə, kəndin yolunda küçədə polis əməkdaşları xüsusi tibbi geyimdə onu gözlədiklərini görüb: “Onlar məni videoya çəkdilər, evdən çıxmağımın cinayət olması barədə izahat verdilər. Evdən bir daha çıxmamağımı tapşırdılar”.
Hüseyn Hüseynov qeyd edib ki, növbəti gün də icazəsiz yaşayış yerini tərk edib və qoyunları otlaq sahəsinə aparıb. Bundan sonra barəsində cinayət işi başlanıb.
Hüseyn Hüseynov 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Ona bu müddətdə hər gün axşam saat 23:00-dan səhər saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini üzərində gəzdirmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək barədə tapşırıq verilib.