Ağdaş rayonunda 1976-cı il təvəllüdlü Kənan həmkəndlisi Ləmanın (ad şərti verilib – red.) evinə daxil olub, ona xəsarət yetirib.
Teleqraf.com-un xəbərinə görə, Kənan 1993-cü il təvəllüdlü Ləmanın Malay kəndindəki evində ona fiziki zor tətbiq edib, yumruq, təpik və şillə ilə onu döyüb. Qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İstintaq orqanı Kənan barəsində Cinayət Məcəlləsinin 157.2-ci (mənzil toxunulmazlığını pozma, eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddəsi ilə ittiham elan edib.
“Məni Qorxmaz deyə çağırıblar”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kənan elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, üç azyaşlı övladı və həyat yoldaşı Yasəmən Allahverdiyeva ilə birlikdə Ağdaşın Malay kəndində yaşayır:
“Təsərrüfatla məşğul olaraq ailəmi dolandıram. Ləmanı həmkəndlim kimi tanıyıram. Onlar kənddə bizdən təxminən 4-5 ev aralıda yaşayırlar. Ləman və onun ailə üzvləri ilə münasibətlərimiz hər zaman yaxşı olub. Şəxsi ədavət və düşmənçiliyimiz olmayıb. Adım Kənan olsa da, kənd sakinləri məni "Qorxmaz" deyə çağırıblar”.
“Ayıb olduğunu bildirdim”
Kənanın sözlərinə görə, hadisə günü saat təxminən 16-17 radələrində Mürsəl kəndindən mağazadan siqaret alaraq kənd yolu ilə evə gəlib:
“Həmin vaxt yaşadığım evin yaxınlığında “VAZ-2106” markalı avtomobilin dayandığını gördüm. Avtomobilə yaxınlaşdım və sürücüdən burada niyə gözlədiyini soruşdum. Avtomobilin tanımadığım və əvvəllər görmədiyim sürücüsü qonşulardan kiminsə satış üçün göy-göyərti gətirəcəklərini dedi. Sürücü ilə sağollaşdım, yoluma davam etdim.
Həmin avtomobildən 40 metr sonra Ləmanın yaşadığı evin həyətyanı sahəsinin giriş qapısının yaxınlığında kolluqda tanımadığım oğlanla qucaqlaşaraq söhbət etdiyini gördüm. Onlara yaxınlaşdım, yol kənarında görüşməyin düzgün olmadığını, buradan insanların keçdiyini, ayıb olduğunu bildirdim”.
“Qələt edirsən, nə işin var, öz evində elə...”
Kənan daha sonra ifadəsində qeyd edib: “Ləman və tanımadığım oğlan mənə: “Sənlik deyil, işinlə məşğul ol” dedilər. Bu sözlərdən bərk əsəbləşərək onlara yaxınlaşdım, oğlanın və Ləmanın üz nahiyələrindən hərəsinə bir şillə vurdum. Ləmana dedim ki, qələt edirsən, nə işin var get öz evində elə.
Həmin oğlan qaçaraq qeyd etdiyim “VAZ-2106” markalı avtomobilə əyləşərək oradan uzaqlaşdı. Ləman isə evinə qayıtdı. Ona gördüklərimi kənd sakini və bir qədər aralıda yaşayan dayısına deyəcəyimi bildirdim. Ləman cavabında qayıtdı ki, get, kimə deyirsən de.
Daha sonra yoluma davam etdim. Həmin vaxt kənd yolu ilə əkin sahəsinə gedən həmkəndlimi gördüm. Onunla hal-əhval tutdum. Təxminən 5-10 dəqiqə söhbət edən zaman Ləman övladı ilə yanımızdan keçərək yaşadığı evə doğru getdi. Mən də həmkəndlimlə sağollaşdım, evimə yollandım”.
“Zorla cinsi əlaqədə olmağa çalışmamışam”
Kənanın sözlərinə görə, bir gün sonra Ağdaş rayon polis şöbəsinin əməkdaşları onu polis şöbəsinə dəvət edib: “Məndən baş vermiş hadisə barədə izahat aldılar. Məni Ağdaş rayon Mərkəzi Xəstəxanasında sərxoşluq müayinəsindən keçirdilər.
Ləmanın barəmdə qeyd etdikləri yalandır və heç bir halda həqiqəti əks etdirmir. Onun yaşadığı evə gəlməmişəm, evə zorla daxil olmamışam, onunla hər hansı mövzuda söhbət etməmişəm. Ləmanı ehtiraslı şəkildə öpməmişəm, zorla onunla cinsi əlaqədə olmağa çalışmamışam. Yumruq, təpik və ya şillə ilə onu döyməmişəm. Həmin vaxt sərxoş da olmamışam. Ümumiyyətlə Ləmanın dedikləri tamamilə yalandır”.
“Boşanmışam...”
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Ləman qeyd edib ki, 2014-cü ildə Ağdaş rayonu, Mürsəl kənd sakini İlqar (zərərçəkmişin ifadəsində adı keçən şəxslərin bəzilərinin adları şərti verilib – red.) ilə ailə qurub: “2017-ci ildə boşanaraq Malay kəndində yerləşən anamın yaşadığı evə qayıtdım.
İlqarla birgə nikahımızdan 2016-cı ildə bir oğlan övladım oldu. 2017-ci ildən etibarən övladım və anamla birlikdə yaşayıram. Kənanı yaxınlıqda yaşayan qonşu kimi tanımışam. Onunla heç bir şəxsi ədavətim yoxdur. Hər zaman münasibətimiz yaxşı olub. Kənanı kənd sakinləri Qorxmaz adı ilə çağırıblar, mən də onu məhz bu adla tanımışam”.
“Əli ilə sus işarəsini göstərdi”
Ləman qeyd edib ki, hadisə baş verən günü saat təxminən 16.00-da yaşadığı evdə övladı ilə birlikdə televizora baxırmış: “Evin taxta qapısının döyüldüyünü eşitdım. Övladımla giriş qapısına doğru gedərək, qapını açdım. Evə qalxan pilləkənlərin üzərində qohumumuz Kənanı gördüm. Kənana “Qorxmaz dayı, niyə səsini çıxartmırsan, qorxdum” dedim.
Kənan isə məni görən kimi əli ilə sus işarəsini göstərdi, zorla evə girdi. Nə qədər mane olmağa çalışsam da, məni dinləmədi. İçəri girdikdən sonra “balam, qorxma pis niyyətlə gəlməmişəm, anan hara gedib” deyə soruşdu. Cavabımda Kənandan hansı səbəbdən məni əli ilə evin içərisinə doğru itələdiyini soruşdum, anamın xalamgilə getdiyini bildirdim”.
“Övladım ağlamağa başladı”
Ləmanın sözlərinə görə, Kənana evdə heç kimin olmadığını, yaşadığı evə bu cür gəlməyi düzgün saymadığını və evi dərhal tərk etməli olduğunu bildirib: “Onun əli ilə məni itələyərək zorla evə girməsindən övladım qorxaraq ağlamağa başladı. Dediklərimə əhəmiyyət vermədi, evin giriş qapısını içəridən bağlayıb, sobanın yanında yerdə əyləşdi.
Kənandan hansı səbəbdən evin qapısını içəridən bağladığını soruşdum, dərhal evi tərk etməsini bildirdim. Dəfələrlə təkrar etdiyim sözə baxmadı, o, dediklərimə əhəmiyyət vermədi. Sobanın yanında əyləşdikdən sonra Kənan “balam, nətərsiz, nə var, nə yox, nə probleminiz olsa Qorxmaz dayın ölməyib” dedi. Cavabda ona heç nəyə ehtiyacım olmadığını və evi tərk etməsini bildirdim”.
“Mənə təklif etdi ki...”
Ləman bildirib ki, həmin vaxt Kənan evdə siqaret çəkib: “Siqaretini sobada söndürdükdən sonra kötüyü sobanın kənarına qoydu. Evdən çıxarkən Kənan qəfildən mənə yaxınlaşdı, sol yanaq nahiyəmdən öpdü, əlləri ilə paltarlarımın aşağı hissəsinə toxunmağa başladı. Kənanın öpüşündən və paltarlarıma əl ataraq qucaqlamaq istəməsindən onun niyyətini anladım. Onu sağ əlimlə özümdən itələdim. Nəfəsindən spirtli içki qəbul etdiyini və sərxoş olduğunu hiss etdim.
Kənan mənə cinsi əlaqədə olmaq təklifini etdi. Mən isə ağlayaraq evdən getməsini və onunla cinsi əlaqədə olmayacağımı bildirdim. Kənanın təklifini rədd etdikdən sonra sol qol nahiyəmi arxaya buraraq üz və baş nahiyəmdən şillə və yumruqla vurmağa başladı. Məni nalayiq söyüşlərlə təhqir etdi. Bir daha cinsi əlaqədə olmaq istədiyini, ona yaxınlıq verməyəcəyim təqdirdə isə məni döyəcəyini bildirirdi”.
“Pozğun olduğum üçün döydüyünü bildirdi”
Ləmanın ifadəsinə görə, Kənan onun bel nahiyəsindən yumruqla, təpiklə vuraraq sakit durmağını bildirib: “Azyaşlı övladım ağlayaraq Kənanın üzərinə gəldi, məni buraxmasını istədi. Kənan isə onu əli ilə kənara itələdi. Övladımın başı divara dəyərək yerə yıxıldı, qorxusundan paltarını batırdı.
Kənanın əlindən çıxaraq evin giriş qapısına doğru qaçmağa başladım. Arxamca qaçan Kənan eyvanda saçımdan tutdu, sifətimdən yumruqla vurdu. Burnumdan qan açıldı. Kənan məni eyvanda döydükdən sonra evdən getdi. Evin pilləkənlərindən düşərkən ünvanıma nalayiq ifadələr işlətdi. Bildirdi ki, bura gəldiyimi kiməsə desən, səni bu dəfə zorlayacam. Qorxduğum üçün övladımla yaşadığım evdən çıxaraq qonşu Eldar dayıgilə getdim. Eldar dayı və arvadı evdə idi.
Baş vermiş hadisə barədə onlara danışdım. Saat təxminən 19 radələrində anam evə gəldi. Məni axtardığından anama qonşuda olduğumu bildirdim. Anam da oraya gəldi. Baş vermiş hadisəni anama da danışdım. Məsələni aydınlaşdırmaq üçün Kənanın evinə getdik. Kənan mənim pozğun olduğum üçün döydüyünü bildirdi”.
“102 xidmətinə məlumat verdi”
Ləman ifadəsində qeyd edib ki, Kənanın dedikləri tamamilə yalandır və heç bir halda həqiqəti əks etdirmir: “Həmin gün saat 21.00-da anam məni qonşumuz Eldar dayının yaşadığı evdən götürdü, evimizə gətirdi. Anam hadisə barədə qohumlarımıza telefonla məlumat verdi. saat 22.00-da dayım Əvəz və arvadı Südabə bizə gəldi.
Onlar gəldikdən sonra saat 23.00-da dayım istifadəsində olan mobil telefonla Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdi”.
Bu cinayət işinə Ağdaş rayon Məhkəməsində hakim Famil Nəsibovun sədrliyi ilə baxılıb.
Kənan bir il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Ona saat 23.00-dan saat 06.00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlamaq vəzifəsi tapşırılıb.