3 Noyabr 2014 11:14
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində rüşvət almaqda təqsirli bilinən Suraxanı rayon İcra Hakimiyyəti başçısının Bülbülə qəsəbə inzibati ərazi vahidliyi üzrə nümayəndəsi Nazim Dadaşovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Bakı şəhər sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə Nazim Dadaşovun torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsinə 2010-cu ilin sənədi verilməsi müqabilində ondan 17 min manat rüşvət tələb etməsi barədə müraciəti əsasında toplanan material üzrə Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə başlanıb.

Daxil olan müraciət əsasında idarənin əməkdaşlarının 2013-cü il fevralın 6-da keçirdiyi əməliyyat tədbirləri nəticəsində Nazim Dadaşov Bülbülə qəsəbəsində idarə etdiyi “VAZ-2106” markalı avtomobilində Bakı şəhər sakinindən 8 min manatı alarkən yaxalanıb.

Baxış zamanı Nazim Dadaşovun idarə etdiyi avtomobilin salonundan rüşvət kimi aldığı 8 min manat, xidməti otağından isə ayrı-ayrı vətəndaşlara məxsus cinayət təqibi üçün əhəmiyyət kəsb edən sənədlər hal şahidlərinin iştirakı ilə aşkar edilərək götürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nazim Dadaşov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Nazim Dadaşov apelyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Nazim Dadaşovun apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər