9 İyun 13:38
268

"İbtidai istintaqda ifadə verən zərərçəkmişlərin ifadələri təsdiqlənib. Həmin zərərçəkmişlərin ifadələri Şuşa şəhərindəki həbsxanada yoxlanılıb və sübutlar ifadələrlə düz gəlib".

Teleqraf.com-un xəbərinə görə, bu sözləri birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Ermənistan vətəndaşları - 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç və 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin Yasamal rayon Məhkəməsində baş tutan iclasda çıxış edən prokuror bildirib.

Təqsirləndirilən şəxslərə sərbəst ifadə vermək təklif edilsə də, onlar indiki mərhələdə susmaq hüququndan istifadə ediblər.

Prosesdə ifadə verən zərərçəkmiş Qərib Vəliyev bildirib ki, Lüdvik Mkrtiçyan ona amansız işgəncələr verib: “1999-cu ildə girov götürülmüşəm. Tapqaraqoyunlu kəndi istiqamətində heyvan otararkən erməni hərbçiləri tərəfindən girov götürüldüm. Məni Şuşa həbsxanasına apardılar. Orada ayrı-ayrı şəxslər mənə ağır işgəncələr verdilər.

Lüdvik Mkrtiçyanı Laçın rayonu ərazisində hərbi formada görmüşəm. O, Azərbaycan dilindən tərcüməçi kimi işləyirdi. Sinəmə təpiklə vurur, işgəncələr verirdi. Kabinetdə mənə 3 şillə vurdu, kabinetdən çıxıb kənarda oturdum. Yaxınlaşıb dizi ilə vurdu, başıma torba keçirdi və mənə amansız işgəncələr verdi. Bir gün axşama qədər məni döydü.

Bizdən yaxınlıqdakı hərbi hissənin yerini soruşur və tələb edirdi ki, mən kəşfiyyatçı olduğumu boynuma alım. Azərbaycan dilində təmiz danışa bilir, çünki o, bizimlə Azərbaycan dilində danışırdı. İki ay əsirlikdə qaldım. Beynəlxalq Qırmızı Xaç Komitəsi məni nəzarətə götürəndən sonra işgəncələr dayandı. Qayıdandan sonra 1 ay müddətinə müalicə olunmuşam".

Prokurorun suallarını cavablandıran zərərçəkmiş bildirib ki, ibtidai istintaqdan Lüdvik Mkrtiçyan onu tanıyıb: “Birinci dəfə üzləşmədə salam verdim, o, məni tanıdı. Amma ikinci üzləşmə zamanı məni tanıdığını inkar etdi. Mən isə onu görünüşündən və səsindən tanıdım”.


Müəllif: Hacı Zeynalov