Azərbaycan Respublikasının vətəndaşlarının ölkə hüdudlarından kənarda, digər dövlətlərin ərazisindəki qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etməkdə ittiham olunan 1977-ci il təvəllüdlü Yəhya Məmmədov və 1985-ci il təvəllüdlü Elnur Cəbiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Mahmud Ağalarovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, Azərbaycan Respublikasının vətəndaşlarının ölkə hüdudlarından kənarda, digər dövlətlərin ərazisindəki qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmələri ilə əlaqədar toplanmış materiallar əsasında əməliyyat-istintaq tədbirləri aparılıb.
Araşdırmalar nəticəsində, Azərbaycan Respublikasının vətəndaşları – 1977-ci il təvəllüdlü Məmmədov Yəhya Şərməddin oğlunun, 1985-ci il təvəllüdlü Cəbiyev Elnur Güloğlan oğlunun və qeyrilərinin ölkə hüdudlarından kənarda aparılan münaqişələrdə qanunsuz silahlı birləşmələrin tərkibində iştiraklarına dair əsaslı şübhələr müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yəhya Məmmədov və Elnur Cəbiyevin müvafiq olaraq 2010-cu ilin noyabr və dekabr aylarında ölkəni tərk edərək əvvəlcə İran İslam Respublikasına, oradan isə qeyri-leqal yollarla Pakistan İslam Respublikasına keçdikləri və həmin ölkənin Şimali Vəziristan və Uruqzay vilayətlərində "Taliban" hərəkatına tabe olan "Səlahəddin" camaatının tərkibində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etdikləri məlum olub.