23 İyun 2021 14:07
8 919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax rayonunda 1972-ci il təvəllüdlü Zamiq arvadı ilə münasibətdə olan həmyerlisi Eldara (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un xəbərinə görə, Zamiq 24 yanvar 2021-ci ildə saat 10.35-də Yevlax şəhərindəki mərkəzi bazarda arvadı Səbinənin qonşu Eldarın avtomobilində həmin bazara gəldiyini görüb. O, Eldarın arvadı ilə cinsi əlaqədə olduğunu düşünüb və qısqanclıq zəminində qisas almaq məqsədi ilə deşici-kəsici alətlə Eldara xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Zamiqin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Zamiq ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, 2020-ci ilin oktyabrında Yevlax şəhəri mərkəzi bazarın qarşı tərəfindən keçən yolda olan zaman arvadı Səbinənin Eldarın idarə etdiyi avtomobildən düşdüyünü görüb: “Səbinənin Eldarın avtomobili ilə gəlməsi məni əsəbləşdirdi. Səbinə və Eldarla mübahisə etdim. Sonra Yevlax rayon polis şöbəsinə gedərək Eldarın barəsində şikayət ərizəsi yazdım. Həmin vaxtdan sonra Eldar avtomobilini küçədə dayandırıb, mənə acıq verməyə başladı. Aramızda bir neçə dəfə münaqişə baş verdi və Yevlax rayon polis şöbəsində araşdırma aparıldı”.

Zamiq qeyd edib ki, 2021-ci ilin yanvarında Eldara bədən xəsarəti yetirməklə qisas almaq qərarına gəlib: “Yanvarın 24-də səhər saatlarında meyvə-tərəvəz almaq üçün Yevlax şəhəri mərkəzi bazara getdim. Eldarı qayınatası Lətiflə bazarda gördüm. Eldar da məni bazarda gördü, lakin heç nə demədi. Üzərimdəki meyvə bıçağı ilə Eldara bədən xəsarəti yetirmək, bununla da ondan qisasını almaq qərarına gəldim.

Bir neçə dəqiqə sonra arxa tərəfdən Eldara yaxınlaşdım. Həmin vaxt yaxın ətrafda başqa şəxs yox idi. Lətif isə Eldardan qabaq tərəfdəydi. Meyvə bıçağını çıxararaq Eldarın sol ayağının bud nahiyəsinin arxa tərəfindən vurdum. Geriyə dönərək oradan qaçdım, bazarı tərk etdim. Eldara xəsarət yetirdiyim meyvə bıçağını xatırlamadığım zibilxanaya atdım. Bundan sonra yaşadığım evə getdim”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Eldar bildirib ki, oktyabrın 16-da səhər saatlarında Yevlax şəhər bazarına getmək üçün idarə etdiyi “Ford Transit” markalı avtomobili ilə yaşadığı ünvandan çıxaraq yola düşüb: “Avtomobillə məhəllədən keçərkən Zamiqin arvadı Səbinə yolun kənarında dayanmışdı. O, əllə mənə işarə etdi. Avtomobilimi dayandırdım. Səbinə mənə bazara getmək istədiyini, avtomobili ilə onu da aparmağımı xahiş etdi, etiraz etmədim.

Səbinə avtomobilimin qabaq sağ oturacağında əyləşdi, birbaşa Yevlax şəhəri mərkəzi bazara getdik. Maşını bazarın qarşısında dayandırdım, Səbinə aşağı düşdü. Həmin vaxt Zamiq gələrək Səbinədən nə səbəbə mənim avtomobilimlə gəldiyini soruşdu. Onlar mübahisə etdilər. Səbinə bazara gəlmək üçün başqa avtomobil tapmadığını, qonşu kimi mənim avtomobilimlə gəldiyini dedi. Zamiq barəmdə Yevlax rayon polis şöbəsinə şikayət etdi və araşdırma aparıldı”.

Eldarın sözlərinə görə, təxminən bir ay sonra Səbinə Zamiqin hədə-qorxusu ilə Yevlax rayon polis şöbəsinə şikayət edib: “O şikayətdə göstərib ki, guya onu zorlamışam. Bununla bağlı Yevlax rayon polis şöbəsinin təhqiqat bölməsində araşdırma aparıldı. 2020-ci ilin dekabrında Zamiq əlində bıçaqla yaşadığım ünvana hücum etdi, ailə üzvlərimin yanında məni söydü, sonra məni öldürəcəyi ilə hədələdi. Arvadım Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdi. Zamiqin barəsində Yevlax rayon polis şöbəsinin təhqiqat bölməsində araşdırma aparıldı. Həmin hadisədən sonra Zamiq bir müddət görünmədi”.

Eldar qeyd edib ki, 24 yanvar 2021-ci ildə, saat 09.30-da qayınatası Lətiflə birlikdə Yevlax şəhəri mərkəzi bazara gedib: “Bazarda Zamiqi gördüm. Onun məni izlədiyindən şübhələndim. Sonra gözümdən itdi, onun hara getdiyini bilmədim. Lətiflə birlikdə bəzi əşyalar aldıq. Saat 10.35-də piyada bazarın çıxış qapısı istiqamətində hərəkət etdik. Lətif də yanımda idi. Əlimdəki stəkan qutusu sürüşərək çıxdığı üçün aşağı əyildim. Həmin vaxt arxa tərəfdən ayaqlarımın arasından mənə bıçaq zərbəsi vuruldu.

Arxa tərəfə baxdım və Zamiqin qaçdığını gördüm. Lətif də Zamiqin arxasınca qaçdı. Ayağımın kəsildiyini və qan axdığını hiss etdim. Avtomobillə Yevlax şəhəri Ailə Sağlamlıq Mərkəzinə getdim. Həkimlər məni müayinə etdi, təcili olaraq Mingəçevir şəhər xəstəxanasına getməli olduğumu bildirdilər. Təcili tibbi yardım avtomobili məni Mingəçevir şəhər xəstəxanasına apardı. Həmin xəstəxanada həkim məni müayinə edərək yarama tikiş qoydu”.

Eldarın sözlərinə görə, bundan sonra evə buraxılıb və ev şəraitində müalicə olunub. O, Zamiqlə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayəti olmadığını bildirib.

Bu cinayət işinə Yevlax rayon Məhkəməsində hakim Günay Cavadovanın sədrliyi ilə baxılıb.

Zamiqin zərərçəkmiş Eldarla barışmasını əsas gətirən hakim onun barəsində olan cinayət təqibinə xitam verib. Zamiq cinayət məsuliyyətindən azad olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər