“1992-ci ildə könüllü olaraq müharibəyə yollandım və1993-cü il sentyabrın 26-da mühasirəyə düşərək əsir götürüldüm. Əsirlikdə olanda Lüdvik Mkrtiçyan tərəfindən dəfələrlə işgəncələrə məruz qalmışam”.
Teleqraf.com xəbər verir ki, bunu Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə bu gün keçirilən məhkəmə iclasında ifadə verən zərərçəkmiş Elman Hacıyev deyib.
O bildirib ki, əsir düşən zaman onu döyüblər: “Məni o qədər döydülər ki, özümdən getdim. Ayılanda əllərim bağlı, boynum zəncirli Ağdərədə olduğumu gördüm. İki gün ancaq mənə kələm turşusu yedizdirdilər. Boynumdakı zənciri açmadılar ki, qaçaram. Sonra məni Şuşa həbsxanasına, iki ay sonra isə Xocavəndə apardılar. Bizi Xocavənddə tikintidə işlədirdilər. Lüdvik Mkrtiçyanı orda tanımışam. Orda ferma var idi, gecə ora heyvanlar üçün yem gəldi. Başladıq onu boşaltmağa. Mkrtiçyan bir neçə adamla sərxoş vəziyyətdə əllərində avtomat bizi döyməyə başladılar. Mən Mkrtiçyana dedim ki, biz nə vaxtsa rastlaşarıq, cavabını verərəm. Bu söz onun xoşuna gəlmədi, avtomatın qundağı və armaturla döyməyə başladı. Burnumu sındırdılar və atdılar palçığın içinə. Gözlərim həm döyülməkdən, həm də palçıqdan tutulmuşdu. Sonra məni yenə “UAZ”a mindirib Şuşa həbsxanasına apardılar”.
Elman Hacıyevin sözlərinə görə, əsirlikdə olduğu müddətdə separatçı rejimin o vaxtkı “müdafiə naziri” Samvel Babayanın qardaşının evinin tikintisində fəhlə işlədiblər: “Füzuli və Ağdam rayonundan evləri söküb gətirirdilər, biz də daşıyırdıq, ustalar ferma tikirdilər. Oranı söküb gətirən də azərbaycanlı əsir olub. Xocavənddə 2 donuz ferması, bir toyuq ferması və taxıl anbarı tikirdik. Hamısı Samvel Babayanın qardaşının idi. Erməni ustalar qışqırırdı ki, palçıq gecikir, Mkrtiçyan da hər dəfə gəlib məni avtomatla döyüb işgəncə verirdi. Gün ərzində 6 nəfərə bir çörək verirdilər, başqa heç nə vermirdilər”.
Onun ifadəsinə görə, sonra onları Karol Babayana ev tikmək üçün Xankəndinə gətiriblər: “Onun evinin yanında Samvel Babayan üçün də 4 mərtəbəli villa tikdilər, biz də onlara fəhləlik edirdik. Ermənilər bizim qəbiristanlıqdan qara mərmərləri çıxarıb aparırdılar öz qəbirstanlıqlarında abidə düzəltdirirdilər. Qırmızı mərmərləri isə Samvel Babayanın villasının pilləkəninə istifadə etdilər”.
Elman Hacıyev bildirib ki, Şuşa həbsxanasında Lüdvik, Artur, Karen və digərləri ona işgəncə verirbilər: “Bizi Mkrtiçyan bir-bir toka verirdi. O, məni toka verdi, sonra süpürgənin arxasına keçirilən taxta ilə vurub burnumu yenidən sındırdı. Mkrtiçyan deyirdi ki, “bilmərsən qaçmaq fikrinə düşərsən, onda səni işgəncələrlə öldürərəm”. O vaxt verilən işgəncələrdən indi də əziyyət çəkirəm. Dizlərimdə xəsarətlər qalır, böyrəklərimdəki ağrılara görə hər il müalicə alıram. Şuşa türməsində Beynəlxalq Qırmızı Xaç Komitəsi baş çəkməyə gələndə bizə əvvəldən tapşırırlar ki, erməniləri və saxlanma şəraitini tərifləyək, əks halda axşam işgəncə verəcəklər. Biz də qorxumuzdan şikayət etmirdik”.
Digər zərərçəkmiş Yaşar Abduləliyev bildirib ki, əsirlikdə olan zaman ermənilər tərəfindən dəfələrlə işgəncələrə məruz qalıb: “Eyvaz, Seymur və mən əsir düşmüşdük. Ermənistan MTN-in nümayəndəsi gəlib bizimlə söhbət etməyə başladı. Çox işgəncə verdilər. Sonra dedilər ki, Seymura işgəncə veriləndə o, müqavimət göstərib, ermənilər də onun üstünə benzin töküb yandırıblar. Bizi ayağımızdan və başımızdan zəncirlədilər. Seymurun yanmış meyitini mənə göstərdilər. Sonra məni uzun müddət gizlətdilər. Beynəlxalq Qırmızı Xaç Komitəsindən gizlətdilər ki, belə bir əsir yoxdur. Üç aydan sonra məni Şuşa türməsinə gətirdilər. Orada o qədər işgəncələr verdilər ki, ölümcül vəziyyətə düşdüm. Xankəndi uşaq xəstəxanasına aparıb müalicə elədilər, yenidən Şuşa türməsinə qaytardılar”.
Zərərçəkmiş bildirib ki, Mkrtiçyan, Qəhərmanyan, Petrosyan onu dəfələrlə döyüb: “Mkrtiçyan ağzıma rezin bağladı, ağac parçası və kəlbətinlə dartıb dişimi çıxardı. Azərbaycanlı əsirləri Mkrtiçyan Şuşa türməsində bir-bir divara düzürdü, tikanlı odun parçası ilə kürəyimizə zərbələr endirdi. Mkrtiçyan Suqovuşanda, Şuşa türməsində azərbaycanlı əsirlərə işgəncə vermə üsulu ilə xüsusi seçilirdi. Ona görə də bu şəxsə ermənilər xüsusi hörmət edirdi. Orda bir Bakı ermənisi mənə dedi ki, Mkrtiçyan Xocalı faciəsinin "qəhrəmanı"dır. Mkrtiçyan bizimlə həmişə Azərbaycan dilində danışırdı. Orada Bakı və Qarabağ erməniləri Azərbaycan dilində sərbəst danışırdı. Bizi isə vadar edirdilər ki, erməni dilində danışaq”.