23 İyun 2021 14:25
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağda yaşayan və azərbaycanlı əsirlərə işgəncə verən ermənilər hamısı Azərbaycan dilində danışırdılar. Onlar İrəvanda uşaqlarına da Azərbaycan dili kursları keçirdilər. Bir gündə Ağdamdan 35 "Kamaz" mişar daşı sökdürüb bizə daşıtdırdılar".

Teleqraf.com xəbər verir ki, bunu Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə bu gün keçirilən məhkəmə iclasında zərərçəkmiş Qərib Vəliyev deyib.

Digər zərərçəkmiş Kamil Babayev isə deyib ki, 1994-cü ildə hərbi xidmətdə olarkən çovuğuna düşüb və erməni hərbçiləri tərəfindən aldadılaraq əsir götürülüb: "Fevral ayının 14-də dağda olarkən çovğun başladı, izi və digər əsgərləri itirdik. Düşdük aşağıda kəndə. Kənddə gizləndik, gördük ki, aşağıdan 3-4 nəfər gəlir. Həmin şəxslər bizi gördülər, dedilər ki, qorxmayın gəlin, Daşkəsən uşaqlarıyıq. Biz də çıxaraq onlara qoşulduq. Bir az gedəndən sonra bizim yükümüzü və silahımızı aldılar ki, guya bizə kömək edirlər. Silahımızı verəndən sonra bizi arxadan vurdular,özümüzdən getdik. Ayılanda gördük ki, əllərimiz bağlıdır. Bizi Kəlbəcərdə bir sıldırım yerə apardılar. Mənim ayağımı o biri əsir yoldaşımın ayağına bağladılar ki, qaça bilməyək. Kəlbəcərə çatanda erməni hərbçilər bizim üstümüzə hücum edib döyməyə başladılar. Bizi əsir götürənlər onların qarşısını kəsdi və bizi hərbi hissəyə gətirib bir dəmir qapılı yerə saldılar. Sonra məni Şuşa həbsxanasına gətirdilər. Mkrtçyan orada mənim titan dişlərimi kəlbətinlə dartıb çıxarmaq istədi, alınmadı, dişimi qırdı. Hər gecə bizi ac-susuz 3-4 dəfə döyürdülər. Əsir düşəndən 3 ay sonra mənə çimməyə soyuq su verdilər. Məni döyüb burnumu sındırdılar. Mkrtçyan və Xosrovyanı mən Şuşa həbsxanasında tanımışam. Məni ikisi də təpik, yumruq və armaturla döyürdülər. Məni gətirirdilər Xankəndidə ev tikintisinə fəhləlik eləməyə. Bizi işlədib axşam aparırdılar həbsxanaya, çatan kimi Mkrtçyan və Xosrovyana təhvil verirdilər. Onlar da çatan kimi döyürdülər. Hələ də əsəb xəstəliyindən əziyyət çəkirəm."

Başqa bir zərərçəkmiş Cahid Həsənov bildirib ki, Xankəndi xəstəxanasında olanda Xosrovyan Pənah İsgəndərov adlı əsiri çarpayıya bağlayaraq döyüb. Onun sözlərinə görə, aprel ayında onu Şuşa türməsində aparıblar: “Gördüm orada Pənaha həm Mkrtiçyan, həm də Xosrovyan işgəncə verir. Mkrtiçyanın boks əlcəkləri var idi, yeyib içib bizim üstümüzdə məşq edirdi. Rusiyadan bir nəfər var idi, Azərbaycan tərəfindən döyüşlərdə ermənilərə əsir düşmüşdü. Ermənilər onu güllələyib öldürdülər”.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər