Azərbaycanda terror-təxribat törətməkdə ittiham olunan erməni silahlı dəstə üzvləri – Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Veryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin cinayət işi üzrə hökm elan edilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrlik etdiyi kollegiya zala gəlib və hökmü elan ediblər.
Hökmə əsasən, təqsirləndirilən şəxslərin ittiham olunduğu Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) maddələri ittihamdan xaric edilib.
Təqsirləndirilən şəxslərin Cinayət Məcəlləsinin 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə) və
318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirli biliniblər.
Təqsirləndirilən şəxslərin hər biri 6 il müddətinə azadlıqdan mərhum ediliblər.
Onların cəzalarını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkmələri müəyyən edilib.
Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxslər cəzaları başa çatandan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi qaydada çıxarılacaqlar.