23 İyul 2021 16:07
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, təqsirləndirilən şəxslərdən ev dustaqlığında olan Təmkin Xəlilov '"Altun" restoranın direktoru müavini, Şahin İbrahimov "Altun" restoranının inzibatçısı, Valeh Orucov "Xəmsə" restoranının icarədarı, Bəxtiyar Fətullayev "Xəmsə" restoranının icarədarı olub.

Təhminə Yaqubova Vüqar Səfərlinin yanında mühasib kimi çalışıb.

Daha sonra təqsirləndirilən Şahin İbrahimovun vəkilinin prosesdə iştirak etmədiyi məlum olub.

Hakim deyib ki, təqsirləndirilən şəxsin vəkilinin iştirakı olmadan hazırlıq iclasını başa çatdırmaq mümkün deyil.

Hakim növbəti iclasın iyulun 30-da keçiriləcəyini açıqlayıb.


Müəllif: Hacı Zeynalov