25 İyul 2021 09:44
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fakt Araşdırıcı-N” MMC-nin təsisçisi və direktoru Zeynal Məmmədovun barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Eldar İsmayılovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı müəyyən olunmayıb.

İttihama görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmalar zamanı Zeynal Məmmədovun rəhbərlik etdiyi cəmiyyətə işə götürmək adı ilə ayrı-ayrı vətəndaşlardan ümumilikdə 31 epizod üzrə külli miqdarda pulu bir neçə dəfə rüşvət kimi istəyərək almasına əsaslı şübhələr müəyyən edilib.

Zeynal Məmmədovun öz qulluq mövqeyindən istifadə etməklə aldığı rüşvətin həqiqi mənbəyini gizlətmək məqsədilə ianə adı altında rəsmiləşdirmək üçün rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək maliyyə əməliyyatları həyata keçirib həmin pul vəsaitini təkrarən leqallaşdırmasına şübhələr üçün əsaslar müəyyən edilib.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma), 193-1.2.2, 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş küllü miqdarda pul vəsaitlərini qulluq mövqeyindən istifadə etməklə təkrar leqallaşdırma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər