Özünü “Şəhidlik uğrunda” qəzetinin təsisçisi kimi təqdim edən Vüqar Abbasovun və “Korrupsiyaya Son” qəzetinin redaktoru kimi təqdim edən İbrahim İsmayılovun Tovuz rayonunda müxtəlif vəzifəli şəxslərə müraciət edərək onlardan müxtəlif bəhanələrlə pul istəmələri, tələblərini rədd edən şəxslərə hədə-qorxu gələrək onları təhqir etmələri barədə məlumat əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində (CTKİ) araşdırma aparılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yoxlama nəticəsində toplanmış sübutlar əsasında Vüqar Abbasova prokuror təsiri tədbiri aktı olan xəbərdarlıq elan edilib, İbrahim İsmayılovun barəsində isə inzibati xəta haqqında icraat başlanılaraq aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib, məhkəmə qərarı ilə barəsində inzibati həbs tənbehi tətbiq edilib.
Baş Prokurorluq bu kimi qanun pozuntularına yol verən şəxslərə barələrində sərt tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edir, eyni zamanda vətəndaşları bu cür şəxslərə qarşı ayıq sayıq olmağa çağırır.