6 Noyabr 2014 18:30
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 10 il əvvəl polis əməkdaşını öldürməkdə təqsirləndirilən Rafiq Neurmetov və Natiq Orucovun cinayət işi məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, 2004-cü il, avqustun 4-də naməlum şəxs Babək prospektində xidmət aparan Nizami Rayon Mühafizə İdarəsinin polis nəfəri Asif Həmidovu qətlə yetirib və ona məxsus “Makarov” tipli xidməti tabel silahını götürərək hadisə yerindən qaçıb.

Əməliyyat yolu ilə Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olan məlumat əsasında hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Rafiq Nurmetov saxlanılıb.

Rafiq Nurmetov istintaqa ifadəsində bildirib ki, 2004-cü il, avqustun 4-də gecə saatlarında sərxoş halda polis əməkdaşına yaxınlaşıb və aralarında yaranmış münaqişə zəminində yerdən götürdüyü dəmir parçası ilə onun baş nahiyəsinə bir neçə zərbə vurub, huşsuz vəziyyətdə olduğunu görüb xidməti silahını götürərək qaçıb. Hadisədən iki ay sonra Rafiq Nurmetov həmin tapançanı 600 ABŞ dollarına Əhmədli qəsəbəsində yaşayan Natiq adlı şəxsə satıb.

İstintaq-əməliyyat tədbirləri ilə Bakı şəhər sakini, əvvəllər ehtiyatsızlıqdan adam öldürmə cinayətinə görə məhkum olunmuş Natiq Orucov saxlanılıb. O, R.Nurmetovdan aldığı silahı Binə qəsəbəsində yaşayan qardaşı Tofiqə məxsus evin həyətində gizlətdiyini etiraf edib.

Həmin həyətə baxış zamanı içərisində 8 ədəd patronu olan sandıqça ilə birlikdə “Makarov” tipli tapança, 23 ədəd müxtəlif çaplı patron, 1 ədəd F-1 qumbarası və 1 qutu tratil aşkar olunaraq götürülüb.

Rafiq Nurmetov Cinayət Məcəlləsinin 120.2.3-cü )zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) və 232.2.3-cü (odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham edilir.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmədə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Digər təqsirləndirilən Natiq Orucov isə məhkəməyə gətirilməyib.

Bu səbəbdən proses noyabrın 7-dək təxirə salınıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər