Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində bir neçə uğurlu əməliyyatlar keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, rayonun Şərif kəndindəki qarğıdalı sahəsində çətənə kollarının əkilib-becərilməsi barədə polisə əməliyyat məlumatı daxil olub. Ərazi dərhal nəzarətə götürülüb və orada narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxslərin rayon sakinləri Zumrat Seriyev və Vüqar Heydərov olduqları müəyyən edilib. Keçirilən tədbir zamanı həmin şəxslər elə “iş başında” saxlanılıb. Baxış zamanı sahədən 18 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb.
Araşdırma zamanı qonşu olan V.Heydərovla Z.Seriyevin çətənə kollarını 2 ay öncə başqa şəxsə məxsus qarğıdalı sahəsində becərdikləri və vaxtaşırı aqrotexniki qulluq göstərdikləri məlum olub.
Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər bir əməliyyat zamanı isə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər məhkum olunmuş rayonun Xalatala kənd sakini Nizami Dibirov saxlanılıb.Onun evinin həyətinə baxış zamanı çəkisi 2 kiloqramdan artıq 8 ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.