Həyat yoldaşını öldürməkdə təqsirli bilinən Sabunçu rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
Daha sonra Fəqan Əhmədov təqsirləndirilən şəxs kimi ifadə verib. Fəqan Əhmədov ifadəsində hadisəni bilərəkdən törətmədiyini deyib. O, özünü Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddə ilə təqsirli bildiyini deyib. Qeyd edib ki, hadisə ehtiyatsızlıq nəticəsində olub: “Ehtiyatsızlıq nəticəsində silah əlimdə açıldı və faciəli hadisə baş verdi”.
Mərhum Pərvanə Əhmədovanın hüquqi varisi, atası Süleyman Quliyev bildirib ki, nikah dövründə qızı və kürəkəni arasında hər hansı problem olmayıb: “Fəqanla Pərvanə 2006-cı ildən evlidir. Bu hadisə bədbəxt hadisədir. Mən bir ata kimi Fəqanı bağışlayıram. Məhkəmədən xahiş edirəm ki, Fəqan Əhmədov bağışlansın. Həyat yoldaşım və mən yaşlı adamlarıq, səhhətimizdə də problemlər var. Biz 3 uşağa baxacaq gücdə deyilik. Uşaqlara Fəqan daha yaxşı baxa bilər”.
Daha sonra mərhumun anası Mətanət Quliyeva ifadə verib. O da qızının Fəqan Əhmədovla yaxşı münasibətləri olduğunu deyib. Mətanət Quliyeva da təqsirləndirilən şəxsin bağışlanmasını istəyib.
Növbəti proses sentyabrın 16-da davam edəcək.
Qeyd edək ki, Bakı sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.
İstintaqla Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən Əhmədov Fəqan Rövşən oğlunun 2021-ci il mayın 30-da saat 23 radələrində Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivində birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fəqan Əhmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilib.