Qaradağ rayonunun prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayon ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü “isti izlər”lə açılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, avqustun 22-si saat 21 radələrində rayonun Puta qəsəbəsi ərazisində üzərində zorakılıq əlamətləri olan naməlum insan meyitinin aşkar edilməsi barədə Qaradağ Rayon Prokurorluğuna məlumat daxil olub.
Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilməklə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada qablaşdırılaraq götürülüb.
Məhkəmə-tibb ekspertinin iştirakı ilə meyit müayinə olunarkən üzərində kəsici alətlə yetirilməyə xarakterik olan çoxsaylı xəsarətlər aşkar edilib.
Aparılmış ilkin araşdırmalarla öldürülən şəxsin 1994-cü il təvəllüdlü Nuriyev Əhəd İsmayıl oğlu olduğu müəyyən edilib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin avqustun 18-də səhər saat 05 radələrində 1985-ci il təvəllüdlü Mirşahid Mehdiyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsi müəyyən edilib. Mirşahid Mehdiyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.