Abşeron rayonunda 1978-ci il təvəllüdlü Əli Məmmədov qısqanclıq zəminində 1985-ci il təvəllüdlü arvadı Saranı (ad-soyadlar şərtidir – red.) qətlə yetirib.
Teleqraf.com-un xəbərinə görə, Əli 3 sentyabr 2003-cü il tarixdən rəsmi nikah münasibətində olduğu arvadı Saranın 2019-cu ilin noyabrın əvvəllərində tanımadığı şəxslə mobil telefon vasitəsi ilə əlaqə saxladığını görüb ,arvadının ona xəyanət etməsindən şübhələnib.
Bu zəmində aralarında mütəmadi mübahisələr baş verib, həmçinin arvadını başqa kişilərlə ona xəyanətdə ittiham etdiyi üçün sonuncunun onun istifadəsində olan mobil nömrəni özünün mobil telefonunda blokladığı halda başqa kişilərin nömrələrini bloklamadığını görüb. Bu səbəbdən şübhələri daha da artıb.
Qısqanclıq
Əli 30 oktyabr 2020-ci ildə saat 10 radələrində yaşadıqları Abşeron rayonu, Digah qəsəbəsində fərdi yaşayış evinin yataq otağında olduqları vaxt Saraya bir gün əvvəl yıxılaraq sol qolunu sındırmış azyaşlı övladlarını həkimə aparmaq lazım olduğunu deyib.
Arvadı ona kobud cavab verib. Daha sonra Əli Saraya intim əlaqədə olmağı təklif edib. Sara onun bu təklifi ilə razılaşmayıb. Arvadının bu hərəkətindən əsəbləşən Əli ondan mobil telefonunda yad kişi nömrəsi olub-olmadığını soruşub.
Bu zaman ərinin şübhələri səbəbindən mütəmadi mübahisələrdən bezən Sara nə etsə yaxşı elədiyini bildirib, ona boşanacağı ilə hədələyib.
Yataq otağında qətl
Əli arvadının boşanmaqla hədələməsindən başqa ona kişilərlə xəyanət etməsi şübhələrinin əsaslı olması qənaətinə gəlib, arvadını qısqanclıq zəminində öldürmək fikrinə düşüb.
Bu məqsədlə Saranın xəbəri olmadan yataq otağından çıxaraq mətbəxə gedib. Mətbəxdən götürdüyü bıçağı sol əlində saxlayıb və evin dəhlizində olan azyaşlı oğlunun yanından keçərək yataq otağına qayıdıb.
Əli qapını içəridən açarla bağladıqdan sonra otaqdakı paltar şkafının qarşısında dayanan Saraya çoxsaylı zərbələr vurub. Qadın aldığı zərbələrdən ölüb.
İstintaq orqanı tərəfindən Əlinin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
“Arvadım hicablı qadın olub”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, qısqanclıq zəminində arvadı Saranı 30 oktyabr 2020-ci ildə saat 10 radələrində yaşadıqları evin yataq otağında çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib. Qeyd edib ki, Sara ilə 2001-ci ildə ailə həyatı qurub: “Bu nikahdan iki övladı dünyaya gəlib. 2011-ci ilədək ailəvi olaraq Lerik rayonunun Pirasora kəndində yaşamışıq.
2011-ci ildə Bakı şəhərinə gəldik. 2014-cü ildə Abşeron rayonu, Digah qəsəbəsində ikimərtəbəli ev tikdirdim və ailəm ilə birlikdə oraya köçdük. Həmin vaxtdan hadisə olanadək həmin evdə yaşamışıq. Bu müddət ərzində müxtəlif yerlərdə fəhləlik edərək ailəmi dolandırmışam. Arvadım heç bir yerdə işləməyib, İslam dininə bağlı hicablı qadın olub və qeyriləri ilə çox da yaxın münasibət saxlamayıb. Ailədaxili münasibətlərimiz həmişə normal olub”.
“Mənə xəyanət etməsindən şübhələndim”
Təqsirləndirilən şəxs bildirib ki, 2019-cu ilin avqustunda Saraya dini borclarını həyata keçirmək üçün Kərbəla şəhərinə birlikdə getməyi təklif etsə də, qadın ona “səninlə heç cəhənnəmə getmərəm” deyib: “Saranın bu sözlərinə o qədər də əhəmiyyət vermədim Həmin ilin oktyabrın 5-də Saranı Kərbəla şəhərinə yola saldım.
Oktyabrın 22-də Sara geri qayıtdı və mənimlə soyuq davranmağa başladı. Bundan 10-15 gün sonra arvadımın kiminləsə mobil telefonda mesajlaşdığını gördüm. Bunun nə məsələ olduğunu başa düşmək üçün arvadımın telefonla danışığına qulaq asdım. Onun başqa kişi ilə münasibət saxlayaraq mənə xəyanət etməsindən şübhələndim.
Saranın telefonda “Rita” adlı kontaktla danışdığını gördüm. Həmin nömrə xarici nömrə idi.
Nömrə ilə “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlayanda onun yad kişi olduğunu başa düşdüm. Həmin şəxs mənə “Ərəb dili” müəllimi olduğunu dedi. Saraya hicablı qadının başqa kişi ilə danışmasının yaxşı qarşılanmayacağını desəm də, o mənə “əcəb edirəm” cavabını verdi. Bundan sonra arvadım öz telefonunda mənim nömrələrimi blokladı. Bu səbəbdən hadisədən 5-6 ay qabaq Saranın “Samsung” markalı mobil telefonunu sındırmışdım. Arvadım yenidən başqa bir telefon aldı”.
“Arvadımın xəyanət etməsinə şübhəm qalmadı”
Əlinin sözlərinə görə, “Böyükşor parkı”nda olan zaman qonşusu Nüsrət də onlarla birlikdə olub: “Sara Nüsrətlə tək qalmaq üçün bəhanə axtardı. Bu səbəbdən məni aralıda olan uşaqların yanına göndərdi. Geri qayıtdıqda Sara və Nüsrəti yan-yana gördüm.
Bundan başqa Saranın Nüsrətin mobil telefon nömrəsini heç vaxt bloklamadığını öyrəndim. Arvadımdan mənim nömrəmi blokladığı halda, Nüsrətin nömrəsini bloklamamasının səbəblərini soruşdum.
Arvadım mənə “yaxşı edirəm” cavabını verdi. Ona görə də arvadımın mənə xəyanət etməsinə şübhəm qalmadı”.
“Məni boşanacağı ilə hədələdi”
Əli deyib ki, 30 oktyabr 2020-ci ildə saat 10 radələrində arvadının yataq otağında mobil telefonu ilə məşğul olduğunu görüb: “Arvadıma “bir aydır yaxın münasibətdə olmuruq” deyərək ona intim münasibət təklif etdim. Arvadım razılaşmadı. Ondan mobil telefonunda kişi nömrələrinin olub-olmadığını soruşdum, telefonda kişi nömrələrinin olduğunu təsdiqlədi, hətta yaxşı elədiyini dedi.
Ər-arvad problemlərimi həll etmək məqsədi ilə Sara ilə söhbət etsəm də, o məni polisə verəcəyi və boşanacağı ilə hədələdi”.
“Mənə “vurma, səndən boşanmayacam” dedi”
Əlinin sözlərinə görə, bundan sonra arvadının özbaşına cavablarından əsəbləşib: “Mətbəxə gedərək oradan bıçaq götürdüm və yataq otağına qayıtdım. Həmin vaxt oğlum Rahil də dəhlizdə idi. Otağa daxil oldum, qapını içəridən bağladım. Arvadım yataq otağında paltar şkafının yanında idi.
İlk bıçaq zərbəsini Saranın qoluna vurdum. Daha bir neçə zərbə vurduqdan sonra Sara yerə yıxıldı və ona yenə bıçaqla zərbələr vurdum. Sara yerdə olarkən mənə “vurma, səndən boşanmayacam” deyərək müqavimət göstərdi.
O, ayağa qalxdı və çarpayının üstünə düşdü. Çarpayının üstündə də Saraya bıçaq xəsarətləri yetirdim. Neçə bıçaq vurduğumu nə o vaxt bilmişəm, nə də sonra xatırlamışam. Həmin zərbələr nəticəsində bıçaq əyilərək qırılmaq üzrə olub, yəni bıçağın tiyəsi ilə dəstəyi bir birindən ayrılmaq üzrə olan zaman özüm tiyə ilə dəstəyi qopardım, bir-birindən ayırdım. Hadisədən sonra bıçağı hara atdığımı bilmədim”.
“Arvadımı sevdiyimi bildirdim”
Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra evdən bayıra qaçaraq qonşulara Saranı bıçaqladığını və ona kömək lazım olduğunu deyib: “Hadisə yerini tərk edərək Mehdiabad polis bölməsinin əməkdaşı Aslana zəng edərək olanlar barədə bildirmək istədim. Aslan mobil telefonuma cavab vermədi. Saat 11 radələrində Mehdiabad polis bölməsinin başqa bir əməkdaşı zəng edib, harada olduğumu soruşdu. Ona Digah qəsəbəsində mərkəzi yolun kənarında dayandığımı söylədim.
Bir müddət sonra həmin polis əməkdaşı məni olduğum yerə gəldi, məni götürərək Mehdiabad polis bölməsinə apardı. Orada hadisə yerini tərk edən zaman hələ Saranın ölmədiyini, arvadımı çox sevdiyim və qısqandığım üçün bu hərəkətləri etdiyimi bildirdim”.
Ər arvadından niyə şübhələnib?
Təqsirləndirilən şəxs bildirib ki, 2018-ci ildə insult keçirib və Respublika Klinik Xəstəxanasında müalicə alıb:
“Bu səbəbdən sağ əlimi işlədə bilməmişəm. Hadisə zamanı bıçaq sol əlimdə olub. Ailədaxili münasibətlərimizdə 2019-cu ilin sentyabrından sonra problemlər yaranmağa başlayıb. Hətta Sara məndən 2020-ci ilin mayında Mehdiabad polis bölməsinə şikayət etdi. Aramızda barışıq olduğu üçün işə xitam verildi. Arvadımın mənə konkret kiminlə xəyanət etməsini bilməmişəm. Sadəcə bundan şübhələnmişəm.
Saranın mobil telefonla uzun-uzun danışmaları, üzü açıq şəkillərini başqa şəxslərə göndərməsi, mobil telefonla tez-tez mesajlaşmaları, parka getmək istədikdə qonşumuz Nüsrətin də bizimlə birlikdə getməsini təklif etməsi, bəzənərək Nüsrətin evinə getməsi, mənim nömrəmi bloklaması, son vaxtlar mənimlə cinsi əlaqədən yayınması və yaxud gec-gec olması, mənə qadına yaraşmayan cavablar qaytarması, hətta “nə edirəm, yaxşı edirəm” kimi cavablar verməsi ona qarşı şübhələrimi artırmışdı”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Əli 15 il müddətinə azadlıqdan məhrum edilib.