Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə rayonun Pirəkəşkül qəsəbəsi sakinlərindən daxil olan çoxsaylı şikayətlər əsasında həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan Cəmil Məmmədov saxlanılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Onun Pirəkəşkül qəsəbəsində yerləşən mənzilinə baxış zamanı satmaq məqsədi ilə əldə etdiyi narkotik vasitə heroin, marixuana və psixotrop maddə metamfetemanin aşkar edilib.
Cəmil Məmmədovdan aşkar edilən narkotik vasitələrin ümumi çəkisi isə 50 qramdan artıq olub.
Qeyd edək ki, saxlanılan şəxs əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün 1 dəfə məhkum edilib. O, ifadəsində Pirəkəşkül qəsəbəsi və ətraf ərazilərdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.