11 Noyabr 2014 14:15
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Bakı Apelyasiya Məhkəməsində Bakı sakini Şamil Gülmətovun cinayət işi üzrə məhkəmə baxışı başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu il aprelin 22-də Şamil Gülmətov fərdi qaydada Xətai rayonunda təmir etdikləri mənzildə olarkən iş yoldaşı İqor Tkacovun iradlarına cavab olaraq öz əşyalarını yığıb, onlarla birlikdə bir daha işləməyəcəyini bildirməklə onlardan ayrılıb və çıxıb gedib.

O gedəndən bir müddət sonra İqor Tkacov digər yoldaşı İmamverdi Kərimovla nahar etməyə hazırlaşanda paltarlarının ciblərindəki pulların olmamasını müəyyən ediblər. Pulların Şamil tərəfindən götürüldüyünü düşündükləri üçün Gülmətovla əlaqə saxlasalar da sonuncu mobil telefona cavab verməyib.

Səhərisi gün İmamverdinin zənginə cavab verəndə, iş yoldaşı Şamili oğurluqda ittiham edib, lakin sonuncu bunu böhtan adlandırıb və onu söyərək, görüşə çağırıb. Bıçaq götürən Gülmətov Əhmədli qəsəbəsinə gəlib, onlar M.Hadi küçəsi, 187 ünvanda fəaliyyət göstərən “Faxralı” kafesində görüşüblər.
Nəticədə şəxsi münasibətlərin aydınaşdırılması zəmnində Şamil İmamverdiyə bıçaq xəsarətləri yetirib və hadisə yerini tərk edib. Zərərçəkən 3 saylı kliniki xəstəxanaya çatdırılmaqla, həyatı xilas edilib. Həmin gün Gulmətov Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Şamil Gülmətov Cinayət Məcəlləsinin 29,120.2.2-сi (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şamil Gülmətov 11 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdən narazı qalan Şamil Gülmətov apelyasiya şikayəti verib. O, şikayətində cəzasının yüngülləşdirilməsini istəyib.

Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin şikayəti üzrə qərar elan edilib. Qərara görə, Şamil Gülmətovun şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif: