20 Sentyabr 14:12
1 938

Bakının Xətai rayonunda 1954-cü il təvəllüdlü Qiyas Babayev qısqanclıq zəminində qızı Samirəni (ad və soyadlar şərti verilib – red.) qətlə yetirib.

Teleqraf.com-un xəbərinə görə, 25 dekabr 2020-ci ildə Qiyasın kürəkəni Səlim ona zəng edib və qızı Samirənin mobil telefonunda müxtəlif kişilərlə danışıb, görüşməsinin şahidi olduğunu deyib.

O, qayınatasına arvadından ayrılmaq məqsədi ilə yaşadıqları evi tərk etdiyini bildirib.

Qiyas qızının ərinə xəyanət edib-etmədiyini araşdırmaq məqsədilə dekabrın 29-da onun yaşadığı Xətai rayonundakı evə gəlib. Dekabrın 30-da saat 9 radələrində qızına birlikdə qayınanasıgilə getməyi israrla tələb etsə də, qızı onun tələbinə rədd cavabı verib. Samirə atasına “mənim işimə burnunu soxma, nə istəyirəm edirəm” – deyib, atasını nalayiq sözlərlə söyüb.

Qantellə zərbə

Bu səbəbdən Qiyas ilə qızı atasında mübahisə yaranıb. Qiyas qızından qisas alaraq öldürmək qərarına gəlib. Həmin gün saat 10 radələrində evin dəhlizində olan qanteli götürüb və mətbəxdə olan qızına arxadan başın ənsə nahiyəsinə vurub.

Daha sonra qızını yerə yıxaraq, ona çoxsaylı xəsarətlər yetirib. Samirə aldığı xəsarətlər nəticəsində ölüb.

İstintaq orqanı tərəfindən Qiyasın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

“Qızımın kişilərlə əlaqə saxladığından şübhələnib”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qiyas özünü elan olunmuş ittiham üzrə təqsirli bilib. O bildirib ki, qızı birinci dəfə qurduğu ailəsindən boşanıb: “Qızımın həmin nikahdan bir uşağı olub, uşaq ərinin himayəsindədir.

Bundan bir müddət sonra 2004-cü ildə Səlimlə ailə qurdu, birgə nikahdan onların 2 oğlu oldu. Mən özüm ailəmlə Xaçmaz rayonunun Gödəkli kəndində yaşamışam, qızım ailəsi ilə Bakı şəhəri, Xətai rayonunda həyət evində yaşayıblar.

İlk vaxtlar Samirə ilə Səlim mehriban yaşayırdılar. Lakin təxminən iki il əvvəl Samirənin mobil telefonla kişilərlə danışması səbəbindən əri ilə aralarında mübahisə olub. Səlim Samirənin başqa kişilərlə telefon vasitəsi ilə əlaqə saxladığından şübhələnib. Buna görə aralarında mübahisə düşüb.

Həmin vaxt Xaçmazdan gələrək onları barışdırdım. Bir müddət heç bir mübahisələri olmadı”.

“Samirənin başqa kişilər ilə yazışmasını göndərdi”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2020-ci il dekabrın 25-də axşam saat 23 radələrində kürəkəni Səlim ona zəng vurub:

“Səlim qızım Samirənin əlindən mobil telefonunu aldığını, həmin telefonda Samirənin başqa kişilərlə yazışmalarının olduğunu, ona görə də uşaqlarını da götürərək anasıgilə getdiyini, Samirənin evdə tək qaldığını dedi.

Səlim zəng edərək eyni şeyləri oğlum Samirə də söylədi. Hətta Samirin telefonuna Samirənin başqa kişilərlə yazışmasını da göndərdi”.

“Xəyanət etmədiyini dedi”

Qiyas qeyd edib ki, məsələni araşdırmaq məqsədilə oğlu Samir dekabrın 26-da Bakı şəhərinə gəlib:

“Amma Samirəni evdə tapa bilmədiyi üçün Xaçmaza qayıdıb. Bundan sonra məcbur qaldım ki, dekabrın 29-da özüm Bakı şəhərinə Samirə ilə söhbət etmək üçün gedim. Samirə ilə evində görüşdüm. Samirə Səlimə xəyanət etmədiyini və başqa kişilərlə danışmadığını, qardaşı Samirin gəldiyi gün isə Zəminə adlı rəfiqəsigildə qaldığını dedi. Bundan sonra qızımın evində gecələdim”.

“Qızımı öldürdüyümü dedim”

Qiyasın sözlərinə görə, növbəti gün, səhər saat 9 radələrində oyanıb: “Çay içdikdən sonra Samirəyə “əgər günahkar deyilsənsə, gedək Səlimin anasıgilə və bu məsələni həll edək” dedim. Samirə heç bir yerə getməyəcəyini bildirdi, mənə kobud cavab verdi.

Qızım mənə dedi ki, işimə burnunu soxma, nə istəyirəm edirəm, sonra məni nalayiq sözlərlə, yəni alçaq, vicdansız deyərək təhqir etdi. Artıq Samirənin bu işdə günahkar olduğunu başa düşdüm, ərinə xəyanət etməsinə əmin olduğumdan əsəbiləşdim.

Əsəbdən beynim dumanlandı. Samirə mətbəxdə komodu qarşısında durduğu zaman dəhlizdə olan idman qantelini götürdüm, arxadan Samirəyə yaxınlaşaraq bir dəfə başından arxadan vurdum. Samirə mətbəxdə arxası üstə yerə yıxıldıqdan sonra onun sinəsinin üstündə oturdum, əllərim ilə boğazından tutaraq boğdum.

Bundan sonra evdən çıxaraq yaxınlıqda yerləşən Xətai rayon Polis İdarəsinin 37-ci polis şöbəsinə yollandım. Yolda olduğum vaxt oğlum Samirə zəng vurdum, Samirəni öldürdüyümü və polisə getdiyimi dedim”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Qiyas 9 il müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov