“Azərxalça” ASC-nin İdarə heyətinin sabiq sədri Vidadi Muradovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.
Teleqraf.com xəbər verir ki, məhkəmənin hazırlıq iclası oktyabrın 4-nə təyin edilib.
Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.
İşə hakim Əfqan Hacıyev sədrliyi ilə baxılacaq.
İttihama görə, “Azərxalça” ASC-nin İdarə heyətinin sabiq sədri Vidadi Muradovun qanunsuz əməlləri ilə əlaqədar daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Vidadi Muradovun qeyd olunan vəzifədə işləyərkən təsisçisi olmaqla faktiki rəhbərliyi həyata keçirdiyi “Azər-İlmə” MMC-nin Bakı şəhəri ərazisində yerləşən inzibati binasının “Azərxalça” ASC-yə mövcud bazar qiymətlərindən yüksək qiymətə icarəyə verilməsi, “Azərxalça” ASC-yə məxsus pul vəsaitinin xalça istehsalı üçün nəzərdə tutulan ipin alınması üçün formal müqavilənin bağlanması yolu ilə ayrı-ayrı hüquqi şəxslərə məxsus bank hesablarına köçürülərək sonradan nağdlaşdırılması, ölkə ərazisində tikintisi həyata keçirilmiş 23 müəssisə üzrə smeta sənədlərində iş həcmlərinin və qiymətlərin əsassız olaraq şişirdilməsi, işlərin daha ucuz və keyfiyyətsiz işlərlə əvəz edilməsi və ya yerinə yetirilməməsi və digər qanunsuz üsullarla ona etibar edilmiş ümumilikdə 21 milyon 673 min manat məbləğində pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə talaması, habelə xüsusilə külli miqdar təşkil edən cəmi 640 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən qəsdən yayınması, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi və vəzifə saxtakarlığına yol verməsinə əsaslı şübhələr müəyyən edilib.
Vidadi Muradova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 213.3 (vergiləri ödəməkdən yayınma- xüsusilə külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
İstintaq zamanı dövlətə dəymiş ziyanın ödənilməsi məqsədilə təqsirləndirilən şəxs Vidadi Muradov və onun ailə üzvlərinin adlarına olan ümumi dəyəri 30 milyon 587 min manat təşkil edən yaşayış və qeyri-yaşayış sahələri, habelə “Azər-İlmə” MMC-nin səhm paylarının və aktivlərinin üzərinə məhkəmə qərarı ilə həbs qoyulması təmin edilib.
Vidadi Muradovla birgə cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaq davam etdirilir.