11 Noyabr 2014 17:02
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi paytaxtda silahlı cinayət hazırlayan mütəşəkkil dəstənin tutulması ilə bağlı məlumat yayıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları quldurluq cinayəti törətməyə hazırlaşan 5 nəfərdən ibarət dəstə zərərsizləşdirib. Bir qrup şəxsin Xətai rayonu ərazisində vətəndaşlardan birinin evinə quldur basqını edəcəyi barədə Baş İdarəyə məlumat daxil olub.

Həyata keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində dəstənin üzvləri - əvvəllər də ağır cinayətlər törətdiklərinə görə dəflərlə məhkum olunmuşlar – 37 yaşlı Natiq Yusifov, 33 yaşlı Cəllad İsmayılov, 28 yaşlı Rahib Hüseynov, 47 yaşlı Elşən Rəhimov və 23 yaşlı Nahid Allahverdiyev saxlanılıblar.

Saxlanılan şəxslərin üzərinə baxış zamanı 1 ədəd pnevmatik qaz tapançası, 1 ədəd beşbarmaq, 5 ədəd bıçaq, idman papağından hazırlanmış maskalar, əlcəklər, yapışqan lent və digər əşyalar aşkarlanaraq maddi sübut kimi götürülüb. İstintaq araşdırmaları zamanı müəyyən edilib ki, cinayətin planını dəstənin fəalı Elşən Rəhimov hazırlayıb. O, tanışı Natiq Yusifova tapşırıb ki, quldurluq etmək üçün gözəgəlimli evlər tapsın. Natiq Yusifov bir neçə gün müşahidələr apardıqdan sonra Elşən Rəhimovu Neapol küçəsində yerləşən evlərdən birinin yaxınlığına gətirərək ünvanı göstərib.

Dəstə üzvləri gecə saatlarında özləri ilə pnevmatik tapança, beşbarmaq, bıçaq, maska, əlcək, yapışqan lent də götürərək quldurluq edəcəkləri evin yaxınlığına gəliblər. Onlar gecə yarısı başlarına maska keçirərək quldur basqınına başlamaq istəyiblər. Lakin əməliyyatçılar onları yerindəcə yaxalayıblar.

Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir. Dəstə üzvlərinin ehtimal olunan digər cinayətləri araşdırılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər