27 Sentyabr 23:21
276

Yevlax rayonunda 1986-cı il təvəllüdlü Elçin şəxsi münasibətlər zəminində həmkəndlisi Faiqə xəsarət yetirib.

Teleqraf.com-un xəbərinə görə, hadisə bu ilin iyulun 7-də, gecə saat 23 radələrində Yevlax rayonunun Yeni Çobankərə kəndində baş verib.

Elçin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Faiqi bir neçə dəfə yumruq zərbələri ilə vurub, oun sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Elçinin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elçin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, bildirib ki, iyulun 7-də yaşadığı kənddə camaatın arasına gəlib və əhalini iyulun 11-də “Karvan” stadionunda olacaq futbola dəvət edib: “Bu zaman Faiq nalayiq sözlərlə dedi ki, bu kənddə stadion da, futbol da yoxdur. Mən də Faiqə dedim ki, sən axmaq işlərlə məşğul olma, futbol oynamırsansa, heç olmasa gəl, futbola bax. Bundan sonra Faiq yanıma gəldi və aramızda mübahisə oldu. Mübahisə zamanı Faiq dedi ki, axşam məni söhbətə çağırmayan şərəfsizdir, özünü tanımayan oğlandır”.

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin gün axşam saat təxminən 23 radələrində Faiqin evinin çəpərinin yanına gedib və telefonuna zəng edib: “Faiqi elə öz çəpərlərinin yanına çağırdım. Faiq yanıma gəldi və yenə sözlə aramızda mübahisə baş verdi. 40-50 saniyə sonra aramızda dava düşdü. Təxminən 5-6 dəfə yumruqla Faiqin sifət və baş nahiyəsinə vuraraq, onu döydüm. Faiq özünü itirdi və yerə yıxıldı. Faiq ayaqları üstə sərbəst dayanaraq ayıldıqdan sonra oradan getdim”.

Zərərçəkmiş şəxs qismində ifadə verən Faiq bildirib ki, iyulun 7-də, saat 18-19 radələrində kəndin içində kənd camaatı ilə söhbət edən vaxt Elçin oraya gəlib: “Elçin dedi ki, şərəfsiz işlərin dalınca düşməyin, gəlin futbol oyununa yazılın. Mən də Elçinə dedim ki, o nə sözdür, danışırsan. Elçin bildirdi ki, axşam səni yığacam, söhbət edərik. Ancaq aramızda həmin vaxt heç bir dava olmadı. Axşam saat 23 radələrində Elçin zəng etdi və dedi ki, çəpərimizin yanında məni gözləyir. Mən də tək evdən çıxdım və çəpərin yanına getdim. Oraya çatan kimi Elçin yumruqla məni bir dəfə vurdu. Bundan sonra huşumu itirdim və yerə yıxıldım. Ayılan zaman yerdə uzanıqlı vəziyyətdə olduğumu və Elçinin məni orda qoyaraq getdiyini gördüm”.

Faiq qeyd edib ki, Elçinlə barışmayıb, ondan şikayətçidir.

Bu cinayət işinə Yevlax rayon Məhkəməsində baxılıb.

Elçin 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.


Müəllif: Hacı Zeynalov