29 Sentyabr 2021 10:42
1 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərov barəsində olan cinayət işi üzrə bu günə təyin olunmuş məhkəmə prosesi növbəti dəfə təxirə salınıb.

Teleqraf.com xəbər verir ki, buna səbəb hakimlər qrupunun tərkibində olan hakimlərdən biri Elbəy Allahverdiyevin koronavirusdan müalicəsinin davam etdirilməsi ilə bağlı olub.

Sentyabrın 14-dən koronavirusa yoluxan Elbəy Allahverdiyevin vəziyyəti ağırlaşıb və o, xəstəxanaya yerləşdirilib. Hazırda həkim nəzarəti altında müalicə alan hakimin vəziyyətinin normal olduğu bildirilir.

Qeyd edək ki, cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır. Prosesə məhkəmənin sədri Həbib Həsənov sədrlik edir.

Sonuncu dəfə sentabrın 15-də məhkəmə prosesi təxirə salınmışdı.

Tərkibdə olan hakim Elbəy Allahverdiyevin verdiyi test sentyabrın 14-də pozitiv çıxıb.

İttihama görə, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi, 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyevlə aralarında yaranmış cüzi münaqişə səbəbindən ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirib.

İstintaq sənədlərinə görə, Rövşən Əkbərov 2001-ci ildə Müdafiə Nazirliyi tərəfindən Ukraynaya 95 günlük xidməti ezamiyyətə göndərilib.

Həmin il mayın 31-də gecə 3-4 radələrində Kiyev şəhərində yerləşən "Sikora” kafesində tanışları Elçin Əliyev və Məzahir Şıxaliyevlə içki məclisində olub. Həmin zaman Rövşən Əkbərov sərxoş vəziyyətdə həmin şəxslərin ona qarşı hörmətsizlik etdiyini, onu tanımadıqları ilə bağlı etirazını bildirib.

Rövşən Əkbərov Elçin Əliyev və Məzahir Şıxalıyevlə mübahisə edib.

Bu zaman kafenin rəhbərliyi onları oradan çıxarıb. Tərəflər mübahisələrini çöldə davam etdiriblər. Rövşən Əkbərov Məzahir Şıxalıyevə yumruqla zərbələr vurub. Daha sonra avtomobilinə yaxınlaşaraq bıçaq götürüb. Bıçaqla Elçin Əliyevə xəsatət yetirib. Xəsarət nəticəsində Elçin Əliyev hadisə yerində ölüb.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər