3 Oktyabr 2021 10:08
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda 1984-cü il təvəllüdlü Nadir Orucov yaşadıqları evdə bacısı İnarəyə (ad və soyadlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un xəbərinə görə, istintaq orqanı tərəfindən Nadirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nadir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, bacısı İnarə və onun övladı Orxan ilə birlikdə yaşayır: “Bir müddətdir ki, dayım qızı Nərmin övladları ilə birlikdə ailə vəziyyəti ilə əlaqədar bizimlə birgə yaşadı. Son vaxtlar bacım İnarə Nərminin bizimlə birgə yaşamasına narazılıq etdi və onun getməsini istədi. Mən isə buna etiraz etdim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü saat 22 radələrində bu səbəbdən bacısı İnarə ilə aralarında mübahisə düşüb: “Mübahisə zamanı İnarə yaşadığımız evdən məni də çıxarmağa çalışdı. Buna görə əsəbləşərək İnarənin sifət nahiyyəsinə bir-neçə dəfə şillə zərbəsi vurdum. Həmin mübahisə zamanı İnarənin oğlu Orxanı vurmamışam”.

Ciinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən İnarə bildirib ki, yaşadıqları evdə olan zaman qardaşı Nadir onunla mübahisə etməyə başlayıb: “Bunun səbəbi bizdə qonaq kimi qalan Nərgiz adlı qohumumuz olub. Mübahisə zamanı qardaşım sifət nahiyyəmə şillə zərbəsi vurdu. Bu zaman oğlum Orxan bizi ayırmaq istədi. Nadir oğlumu da vurdu. Amma oğlum heç bir xəsarət almadı”.

Zərərçəkmiş ifadəsinin sonunda qardaşı ilə barışdığını, ondan şikayətçi olmadığını bildirib.

Sabunçu rayon Məhkəməsinin hökmü ilə Nadirin barəsində olan cinayət təqibinə xitam verilib. Onun zərərçəkmişlə barışması nəzərə alınıb və cinayət məsuliyyətindən azad olunub.


Müəllif: Hacı Zeynalov