Bu gün Ali Məhkəmədə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun məhkəmə qərarından verdikləri kasasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, hakim Gülüzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Anar Məmmədlinin apelyasiya şikayətinə məhkəmə istintaqı ilə bağlı baxılması barədə verdikləri kasasiya şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Məmmədli 5 il 6 ay və Bəşir Süleymanlı 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Süleymanlı məhkəmə zalından həbs edilib. Elnur Məmmədov isə 3 il 6 ay müddətinə şərti cəza alıb.
Anar Məmmədli 2013-cü il dekabrın 16-da həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətini aşmaqda ittiham olunur. Məhkəmə onu üç ay müddətinə həbs edib.
Anar Məmmədli və digər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (iri məbləğdə əmlakı mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Hacı Zeynalov