12 Noyabr 2014 14:32
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Şirvan şəhər sakini, 17 yaşlı Aygün Qədirovanın cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, Aygün Qədirova 14 yaşından narkotik aludəçisidir. O, Abşeron Rayon Polis Şöbəsinin əməliyyatçıları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Saxlanılan gəncin üzərinə baxış keçirilən polis əməkdaşları bir kiloqramdan artıq narkotik vasitə olan qurudulmuş marixuana aşkar ediblər.

Aygün istintaqa ifadəsində narkotik vasitənin Bahəm adlı iranlı tanışından ona əmanət kimi verildiyini deyib: “İranlı tanışım var idi. Adı Bahəm idi. Sevdiyim oğlanın vasitəsilə tanış olmuşdum onunla. Mənə narkotiki verdi və dedi ki, 20 gündən sonra gəlib götürəcək. Mən də götürüb saxladım. Ancaq gəlib çıxmadı”.

Aygünün sözlərinə inansaq Bahəm narkotiki ona verdikdən sonra telefonuna zəng çatmayıb. Bu səbəbdən də marixuana Aygündə qalıb. Marixuananı satış məqsədilə götürmədiyini deyən gənc qız bildirib ki, özü narkotik istifadəçisidir. Aygünün sözlərinə görə, onu narkotikə sevdiyi oğlan alışdırıb: “14 yaşım olardı, bir nəfər sevdiyim oğlan vardı. Tez-tez görüşürdük. Mənə narkotikdən istifadə etməyi öyrətdi. Sonradan isə özü tutuldu. Artıq narkotikdən ayrıla bilmirdim. İynə vurmağa başladım. Artıq həyatımdan bezmişəm”.

Həyatından bezən yeniyetmə Aygün həmyaşıdlarını ağ ölümdən uzaq olmağa və həyatlarını bu yolla məhv etməməyə çağırıb. Aygün özünün də müalicə olunaraq sağalmaq istəyini bildirib.

Cinayət işi hakim Cavid Hüseynovun sədrliyi ilə davam etdirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər