9 Oktyabr 2021 14:12
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax rayonunda 1983-cü il təvəllüdlü Rövşən həmyerlisi Raminə bıçaqla xəsarət yetirib.

Teleqraf.com-un xəbərinə görə, Rövşən bu il fevralın 21-də axşam saat 22 radələrində yaşadığı Yevlax rayonunun Malbinəsi kəndi ərazisində olan “Kəndimiz” kafesində uca səslə danışaraq ətrafdakı şəxslərin rahatlığını pozub.

Kafenin sahibi Ramin ona yaxınlaşıb və sakitliyə riayət etməsini tələb edib. Bunu bəhanə edən Rövşən Ramillə mübahisə edib. Daha sonra otaqda stulu vuraraq aşırıb, çölə çıxaraq kafenin qarşısında Raminin ünvanına nalayiq söyüşlər söyüb.

Bundan sonra o, bıçaqla Raminin bel nahiyəsinə vuraraq, ona xəsarət yetirib. Yaralıya xəstəxanada tibbi yardım göstərilib.

İstintaq orqanı tərəfindən Rövşənin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rövşən ittiham üzrə özünü qismən təqsirli bilib. O qeyd edib ki, Ramin həmkəndlisidir, yaşadıqları kəndin girişində kafesi var və oranı işlədir: “Fevralın 21-də saat 22 radələrində kafeyə getdim. Raminlə görüşüb, çörəyin arasında kotlet istədim. Otaqda oturub yeməyin gəlməsini gözlədim. Həmin vaxt otaqda həmkəndlim Əli də çörək yeyirdi, digər otaqlarda çörək yeyənlərin səsi gəlsə də, onları görmədiyim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, az sonra Ramin onun yeməyini gətirib: “Yeməyimi yeməyə başladım. Tanışım Nicata zəng etdim, gəlib məni aparmasını xahiş etdim. Yeməyin pulunu ödədim, kafenin qarşısına çıxdım. Nicatın kəndin girişinə tərəf avtomobilini saxlayaraq məni gözlədiyini gördüm.

Bu vaxt Ramin kafenin qarşısına çıxdı və mənə “bu nə hörmətsizlikdi, mənə edirsən” dedi. Ramindən nə olduğunu soruşdum. Bildirdi ki, kafenin içərisində stulu yerə vurmusan.

Stulu yerə vurmadığımı desəm də, aramızda mübahisə yarandı. Bir-birimizə kobud ifadələr işlətdik. Ramin mənə dedi ki, ağıllı ol, get burdan, səhər gələrsən, söhbət edərik. Bu söz xoşuma gəlmədiyi üçün cibimdəki bıçağı çıxardım və onun kürək nahiyəsinin sol tərəfinə vurdum. Sonra Nicatın avtomobilinə əyləşdim, Yevlax şəhərində kirayə yaşadığım evə getdim.

Həmin vaxt polis əməkdaşlarını məni axtardıqlarını eşitdim. Ona görə polis şöbəsinə getdim, hadisənin necə baş verdiyini izah etdim”.

Rövşən ifadəsinin sonunda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışmağa cəhd etdiyini bildirib.

Zərərçəkmiş şəxs qismində ifadə verən Ramin bildirib ki, fevralın 21-də həmkəndliləri Rövşən və Əli kafeyə gəlib, ikisi də çörək-kotlet istəyib: “Onların sifarişini hazırladım, kafedə yeməklərin yeməyə başladılar. Rövşən yüksək səslə danışıb-gülməyə başladı. Ona yaxınlaşaraq yavaş danışmasını, “kimin xoşu gəlir otursun, kimin xoşu gəlmir getsin”, - deyərək kafenin mətbəxinə yollandım.

Bir müddət sonra səs eşitdim, yenidən Rövşən oturduğu yerə getdim. Stulun birinin aşmış vəziyyətdə olduğunu və stulu Rövşənin aşıraraq kafedən çıxdığını güman etdim. Kafenin giriş qapısından çıxdım, ona “ayıb deyil, niyə belə hörmətsizlik edirsən” dedim.

Rövşən mənə bildirdi ki, yaxşı edirəm, üzünə ”şram” ataram, hamı bilir, kim kimdir... Rövşənə dedim, ağıllı ol, get səhər gələrsən, danışarıq. Kafeyə qayıdarkən Rövşənin arxadan sol böyrümə vurduğunu bilsəm də, ona məhəl vqoymayıb kafeyə daxil oldum”.

Zərərçəkmişin ifadəsinə görə, kafenin mətbəxində xadimə Şahnaz ona köynəyinin qan olduğunu bildirib: “Rövşənin məni bıçaqla vurduğunu başa düşdüm. Kafedə çay içən həmkəndlim Ərşad məni Yevlax şəhər mərkəzi xəstəxanasına apardı. Məni müayinə etdilər, təcili yardımla Mingəçevir şəhər mərkəzi xəstəxanasına yola saldılar. Orada uzun müddət müalicə olundum”.

Ramin qeyd edib ki, Rövşən tərəfindən ona vurulmuş maddi ziyan ödənilməyib. O, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu deyib.

Yevlax rayon Məhkəməsinin hökmü ilə Rövşən 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.


Müəllif: Hacı Zeynalov