9 Oktyabr 2021 15:00
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax şəhərində 1998-ci il təvəllüdlü Rəsul pul borcu üstündə həmyerlisi Ruslana xəsarət yetirib.

Teleqraf.com-un xəbərinə görə, hadisə bu il martın 4-də saat 18 radələrində Yevlax şəhərində yerləşən “Neptun-2” mağazasının anbarının qarşısında baş verib.

Rəsul Ruslanın ona borclu olduğu 20 manat pulu qaytarmamasını bəhanə edib, mağazada işləyən şəxslərin gözü qarşısında ünvanına nalayiq söyüşlər söyüb, başı ilə Ruslanın sifət nahiyəsinə vuraraq ona xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Rəsulun barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəsul ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Qeyd edib ki, fevralın 13-də tanışı Ruslan ondan 20 manat borc alıb və qaytaracağın desə də, qaytarmayıb: “Martın 4-də Ruslanın işlədiyi “Neptun-2” mağazasına gədlim. Onun mağazanın anbarında olduğunu bildim, ora girdim. Söhbət zamanı aramızda mübahisə yarandı. Mağazada işləyən Sərxan mübahisəmizi çöldə etməyimizi bildirdi.

Mağazada səs-küy olmasın deyə Ruslan məni çölə çağırdı. Çöldə yenidən aramızda mübahisə düşdü. Əsəbləşərək başımla Ruslanın sifətinə bir dəfə vurdum. Bizi mağazada işləyən Sərxan və digər oğlan araladı”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Ruslanın sözlərinə görə, fevralın 13-də Rəsuldan 2 günlüyə 20 manat götürüb: “Maddi imkanım aşağı olduğuna görə pulu ödəyə bilmədim. Martın 4-də saat 18 radələrində işlədiyim “Neptun-2” mağazasının anbarında olarkən Rəsul oraya gəldi və borcu qaytarmadığım üçün mənə qarşı nalayiq ifadələr işlətməyə başladı”.

Zərərçəkmiş qeyd edib ki, Rəsul onunla mübahisə edib, onu vurub. O, ifadəsinin sonunda Rəsulun onunla barışıq əldə etdiyi üçün hazırda ondan şikayəti olmadığını deyib.

Yevlax rayon Məhkəməsinin hökmü ilə Rəsul aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.


Müəllif: Hacı Zeynalov