13 Oktyabr 2021 09:30
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda baş verən avtobus qəzası nəticəsində 5 nəfərin ölümü, 21 nəfərin yaralanması ilə bağlı cinayət işi başlanıb.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, ilkin olaraq 5 nəfərin öldüyü təstiqlənib: "Hadisə nəticəsində 7 nəfərin isə vəziyyəti ağırdır. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir".

Qeyd edək ki, bu gün səhər saatlarında Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 DQN-lı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılıb.

İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb.


Müəllif: Teleqraf.com