13 Oktyabr 14:22
225

Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərov barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə şahidlər Orucəli Hacıyev və mərhum Elçin Əliyevin anası Səmayə Əliyevanın gəlmədiyi məlum olub.

Prokuror Eldar Həmzəyev həmin şahidlərin ifadəsinin elan olunmasını istəyib. Tərəflər buna etiraz etməyiblər.

Bundan sonra hər iki şahidin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. Prokuror bildirib ki, cinayət işində Ukraynada yaşayan hadisə şahidlərinin də ifadələri var: "Biz onları bura dəvət edib, dindirə bilmirik. Həmin şahidlərin ifadələrinin elan olunmasını istəyirik".

Hakim həmin şahidlərin ifadələrinin elan olunması barədə qərar qəbul edib. Həmin ifadələrdə Rövşən Əkbərovun hadisə yerində olduğu deyilir.

Daha sonra mərhum Məzahir Şıxəliyevin istintaqa ifadəsi elan edilib. O, ifadəsində Rövşən Əkbərovun hadisə yerində olduğunu, qətlin onun tərəfindən törədildiyini qeyd edib. Digər ifadəsində isə Rövşən Əkbərovun Elçin Əliyevi bıçaqla vurduğunu görmədiyini deyib. Məzahir Şıxəliyev ümumilikdə istintaqa 5 dəfə fərqli ifadə verdiyi məlum olub.

Daha sonra Rövşən Əkbərov sərbəst ifadə verməyə başlayıb. Qeyd edib ki, dövlət tərəfindən təhsil almaq məqsədilə Kiyev şəhərinə göndərilib və orada akademiyada oxuyub: "2001-ci ilin mayında Azərbaycanın Ukraynadakı səfirliyində "Azərbaycan günləri" keçirilirdi. Mən də orada hərbi atteşə kimi iştirak edirdim. Orada tort kəsilib, çay içmişdik.

Tədbirdə Elxan Cəbiyev də iştirak edirdi. Onunla görüşdüm. Ona dedim ki, məxfi sənədlər var, onları Müdafiə Nazirliyinə çatdırmaq lazımdır. Ondan xahiş etdim ki, həmin sənədləri aparsın. Mən ümulikdə həmin dövrdə 372 kitab göndərmişəm, həmin kitablarda burada çoxaldılaraq korpuslara paylanılıb".

Rövşən Əkbərovun sözlərinə görə, həmin gün səfirlikdə ailə üzvləri ilə birlikdə olub: "Gecə səfirliyin işçisi olan Səbuhinın anam və qızımı aparmasını istədim. O da apardı, mən oğlumu da götürərək evə getdim. Səhəri gün Yalçın Qocayev zəng etdi, bizi səfirliyə çağırırlar. Bildirdi ki, Elçinlə Qüdrəti vurublar. Səfirliyə getdim. Orada eşitdim ki, Azərbaycandan nümayəndə heyəti gəlir, Nazim İbrahimov da onların arasındadır. Bundan sonra mənim dərsim olduğu üçün akademiyaya getdim".

Rövşən Əkbərov bildirib ki, səfirlikdə ona qəzetləri göstəriblər: "Bakıda qəzetlərdə şəkilimi qoyaraq Rövşən Əkbərovun olduğu yerdə qətl törədildiyi yazılmışdı. Bildirdilər ki, Nazim İbrahimov Elçin Əliyevin ailəsinə zəng edib deyib ki, onu Rövşən Əliyev öldürüb.

Nazim İbrahimovun harada olduğunu soruşdum. Ondan Bakıya belə bir hadisədə mənim adımı hallandırması səbəbini soruşdum. Bildirdi ki, nə danışırsız, siz iqtidarın adamısız. Mən elə bir söz deməmişəm".

Rövşən Əkbərov deyib ki, 2002-ci ildə Bakıya gəlib və "Gülüstan" restoranında tədbirdə olub: "Tədbirdə Nazim İbrahimovu gördüm. Orada yanımızda çox adam var idi. Nazim İbrahimova dedim ki, adam kişi olar, üzdə bir söz deyirsiz, arxada başqa söz. O da həmin vaxt mənə dedi ki, əlavə heç nə deməyib. Mən bûrada olduğum vaxt bir nəfər deyən olmadı ki, gəl söhbət edək, görək sənin adın niyə bu işdə çəkilir".

Generalın sözlərinə görə, sonradan müstəntiqə ifadə verib: "Mənə bir söz deyən olmadı. Prokuror da, polis rəisi də istintaqda iştirak edirdi.

Deyirlər ki, kafedə hərbi formada olmuşam. Heç kim hərbi formada kafedə oturmaz. Mənə ayıb olardı ki, general formasında kafeyə gedim. Məzahir Şıxəliyev əgər mənimlə mübahisə edibsə, məni tanımalı idi. Daha niyə şəkil istəyirdi ki, məni tanısın. Elçin Əliyevi cəmi 2-3 dəfə görmüşəm. Onunla heç bir masa ətrafında əyləşməmişəm. Nə çörək yemişik, nə də münasibətimiz olub. Bu işin mənə aidiyyəti yoxdur".

Rövşən Əkbərov daha sonra qeyd edib ki, Elçin Əliyevin ailəsi düzgün yolda deyil: "Bu qətlin mənə dəxli yoxdur. Onların kiminləsə problemi var, bunu araşdırsınlar. Kişi kimi deyirəm ki, bu qətllə əlaqəm yoxdur. Nəyə desən and içə bilərəm".

Prokurorun suallarını cavablandıran Rövşən Əkbərov deyib ki, 1991-ci ildə Milli Orduya qəbul olub və birinci Qarabağ müharibəsində iştirak edib: "Mən göstərdiyim xidmətinə görə Milli Qəhraman adı almışam, medallarla təltif olunmuşam".

O qeyd edib ki, Elçin Əliyevlə heç vaxt kafedə olmayıb, adlı çəkilən kafedə heç vaxt gecə oturmayıb. Məzahir Şəxəliyevi heç vaxt görməyib, tanımayıb.

Rövşən Əkbərov zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Elçin Sadıqovun suallarını cavablandırmaqdan imtina edib.

Daha sonra işdə olan sənədlər tədqiq olunub və məhkəmə istintaqı tamamlanıb, çıxış üçün söz prokurora verilib. Prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror Cinayət Məcəlləsinin 12.1, 221.3-cü (xuliqanlıq) maddəsinin ittihamdan xaric edilməsini istəyib. Buna səbəb cinayət işinin üstündən uzun müddət keçmısi olub.

Prokuror Rövşən Əkbərovun Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinmısini, 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Elçin Sadıqov çıxışı zamanı prokurorun istədiyi cəza ilə razı olmayıb. O, Rövşən Əkbərova prokurorun istədiyi cəzanın az olduğunu deyib, təqsirləndirilən şəxsə 15 il cəza verilməsini xahiş edib.

Rövşən Əkbərovun vəkilləri çıxışa hazırlaşmaq üçün vaxt istəyiblər. Növbəti proses oktyabrın 22-də davam edəcək.

İttihama görə, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi, 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyevlə aralarında yaranmış cüzi münaqişə səbəbindən ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirib.
İstibtaq sənədlərinə görə, Rövşən Əkbərov 2001-ci ildə Müdafiə Nazirliyi tərəfindən Ukraynaya 95 günlük xidməti ezamiyyətə göndərilib.
Həmin il mayın 31-də gecə 3-4 radələrində Kiyev şəhərində yerləşən "Sikora” kafesində tanışları Elçin Əliyev və Məzahir Şıxaliyevlə içki məclisində olub. Həmin zaman Rövşən Əkbərov sərxoş vəziyyətdə həmin şəxslərin ona qarşı hörmətsizlik etdiyini, onu tanımadıqları ilə bağlı etirazını bildirib.
Rövşən Əkbərov Elçin Əliyev və Məzahir Şıxalıyevlə mübahisə edib.
Bu zaman kafenin rəhbərliyi onları oradan çıxarıb. Tərəflər mübahisələrini çöldə davam etdiriblər. Rövşən Əkbərov Məzahir Şıxalıyevə yumruqla zərbələr vurub. Daha sonra avtomobilinə yaxınlaşaraq bıçaq götürüb. Bıçaqla Elçin Əliyevə xəsatət yetirib. Xəsarət nəticəsində Elçin Əliyev hadisə yerində ölüb.
Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov